Kann kinofestivalının direktoru Tierri Fremo bildirib ki, bu ildən etibarən festivalda qırmızı xalı üzərində selfi çəkilməsi qadağan olunub. Digər dəyişiklik isə rəsmi proqramda yer alan filmlərin qala gecəsindən öncə media nümayişinin qadağan edilməsidir. Bu qadağaların qoyulması barədə bir neçə il öncə müzakirələr aparılıb. Lakin qəti qərar yalnız bu il verilib. Tierri Fremonun sözlərinə görə, selfi qadağası barədə qərar filmlərin göstərildiyi zalların önündə adam sıxlığının yaranmaması üçün qəbul edilib.
Direktor qeyd edib ki, fotoşəkillərin çəkilməsinin peşəkarlara həvalə edilməsi hamı üçün rahat olacaq və bu qadağalar qala gecəsini daha da maraqlı və həyəcanlı edəcək.
Qeyd edək ki, dünyanın ən nüfuzlu film festivallarından sayılan 71-ci Beynəlxalq Kann kinofestivalı bu il 8-19 may tarixində keçiriləcək. Rəsmi proqram 12 aprel tarixində elan ediləcək. Bu il festivalın münsiflər heyətinə aktrisa Keyt Blanşet rəhbərlik edəcək. 1946-cı ildən keçirilən Kann festivalı Avropadakı ən əhəmiyyətli 3 əsas film festivalından biridir. Əsas mükafatı “Qızıl palma budağı”dır.
İlona