Martın 31-də Quba Soyqırımı Memorial Kompleksində “1918-ci ilin mart soyqırımı belarus fotoqrafı Lev Daşkeviçin gözü ilə” adlı fotosərgi və azərbaycanlıların soyqırımına həsr edilmiş kitab sərgisi açılıb.
   Lev Daşkeviç Azərbaycan Xalq Cümhuriyyəti dövründə soyqırımı faktlarının araşdırılması məqsədilə yaradılmış Fövqəladə İstintaq Komissiyasının tərkibində fotoqraf-ekspert kimi fəaliyyət göstərib. Fotoqrafın Şamaxı şəhərində və kəndlərində çəkdiyi şəkillərin sayı 62-dir. Onlardan 45-i şəhərin özündə, 17-si isə Əngəxaran, Ağsu, Boyat, Mərzəndiyə, Təklə-bəy, Çarhan və Çuxanlı kəndlərində çəkilib.
   Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotoşəkillərdə evlərin, müxtəlif təyinatlı tikililərin alovun təsirindən qaralmış divarları ilə yanaşı, ayrı-ayrı iriölçülü binaların xarabalıqlarını aydın görmək olar. Şəhərin bu hissəsindəki dağıntıların mərkəzində əzəmətli tikililərdən olan Cümə məscidinin yanmış divarları və uçub dağılmış minarəsi diqqəti cəlb edir. 
   Şıxminas kənd sakini Sultanovun evinin həyətindəki insan sümükləri: kəllə sümüyü, alt çənə sümüyü, qabırğa və onurğa sümüklərinin qalıqları erməni-daşnak hərbi birləşmələrinin törətdiyi vəhşilikləri əks etdirir. Bu evə sığınmış uşaqlı qadınlar burada silahlı dəstələr tərəfindən qətlə yetirilib.
   Kitab sərgisində isə 1918-ci ilin mart soyqırımına dair araşdırma materiallarının toplandığı nəşrlər sərgilənib.