Milli Kitabxanada 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş kitab sərgisi açılıb.
Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək 1918-ci ildə xalqımıza qarşı törədilmiş qırğınlar, erməni şovinistlərinin soyqırımı siyasəti barədə danışıb. Bu faciəli tarixin dünyaya yayılmasında mövzuya dair kitabların əhəmiyyətini vurğulayan K.Tahirov beynəlxalq kitab sərgilərində mütəmadi olaraq belə nəşrlərin nümayiş etdirildiyini deyib.
Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələkxanım Hacıyeva 1918-ci ilin mart qırğınlarından söz açıblar. Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli öz şeirini oxuyub.
* * *
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında da 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Kitabxananın direktoru Tahir Sadıqov, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Tofiq Əlizadə, şair Oqtay Rza, yazıçı-publisist Şahlar Baba qan yaddaşımızın bu faciəli səhifəsindən söz açıblar. Tədbirdə “31 mart soyqırımından 100 il keçir” adlı sənədli film nümayiş etdirilib.