İki ölkənin turizm sənayesi nümayəndələrinin qarşılıqlı infoturları təşkil olunacaq
   
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev aprelin 5-də Bolqarıstan Respublikasının turizm nazirinin müavini İrena Georgiyeva ilə görüşüb.   
   Nazir qonağı salamlayaraq, onun 17-ci Azərbaycan Beynəlxalq “Turizm və səyahətlər” sərgisində (“AİTF 2018”) iştirak məqsədilə ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Bolqarıstanın artıq bir neçə ildir Bakıda keçirilən sərgidə milli stendlə iştirak etdiyi, bu ölkənin turizm şirkətləri və mehmanxanalarının sərgiyə maraq göstərdiyi vurğulanıb.
   Nazir Azərbaycanla Bolqarıstan arasında turizm sahəsində sazişə əsasən iki ölkənin birgə layihələrinin daha da sürətləndirilməsi və turizm sənayesi nümayəndələrinin 2018-ci il ərzində qarşılıqlı infoturlarının keçirilməsinin zəruriliyini qeyd edib. Həmçinin, Azərbaycanın turizm potensialına son illər marağın artdığı nəzərə alınaraq, müxtəlif ölkələrdən olan turistlər üçün bir sıra turizm məhsullarının təklif olunduğu diqqətə çatdırılıb.
   İrena Georgiyeva səmimi qəbula görə təşəkkürünü bildirərək, Bolqarıstanın bir çox seqmentlər üzrə Azərbaycan turistlərinə cəlbedici ola biləcəyini deyib və Azərbaycan tərəfinin təkliflərini dəstəklədiyini, işçi qaydada görüşlərin keçirilməsinin vacibliyini bildirib.
   Görüşdə Bakı və Sofiya arasında “Buta Airways” aviaşirkəti vasitəsilə uçuşların həyata keçirildiyi nəzərə alınaraq, turist mübadiləsi üçün qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyət planının hazırlanması qərara alınıb.