Əldə olunan təcrübə mədəniyyətin idarə edilməsində daha səmərəli fəaliyyətə imkan yaradacaq
Aprelin 4-də Milli İncəsənət Muzeyində “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Mədəniyyət və Turizm Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekun tədbiri keçirildi.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, 2 il müddətində davam edən layihə Azərbaycan hökuməti və Avropa İttifaqı (Aİ) tərəfindən imzalanmış sazişə əsasən reallaşıb. Tvinninqin mövzusu Azərbaycan mədəniyyət sisteminin təkmilləşdirilməsi və onun idarəetmə üsullarının modernləşdirilməsidir: “Layihə çərçivəsində böyük işlər görülüb. Həm yerli, həm də xarici mütəxəssislər paytaxt və regionlarda muzey, klub, kitabxana və digər mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı əhatəli təhlillər aparıblar. Azərbaycanda mədəni irsin qorunması və onun istifadə olunması ilə bağlı tədqiqat işləri həyata keçirilib. Bu layihənin əsas məqsədlərindən biri də odur ki, Avropada tətbiq edilən təcrübə tədricən Azərbaycana daxil olsun və ölkəmizin mədəniyyəti Avropanın və dünyanın ən müasir metodları ilə idarə olunsun. Burada əsas məqsəd həm idarəetmə sisteminin təkmilləşdirilməsi, həm də maliyyə mənbəyinin müxtəlifliyinin təmin olunmasıdır”.
Qeyd olundu ki, Tvinninq layihəsinin gerçəkləşməsi Avropa İttifaqının qərarına əsasən İtaliya hökumətinin köməkliyi ilə reallaşıb: “İtalyanların təcrübəsi bizim üçün çox maraqlı oldu. Bizim mütəxəssislər bir neçə dəfə bu ölkədə səfərdə oldular, treninqlər həyata keçirildi. Qarşılıqlı şəkildə məhsuldar sənədlər hazırlanıb və bu gün yekun olaraq onların təqdimatı keçiriləcək. Layihənin iştirakçılarına təşəkkür edərək bildirirəm ki, bu təcrübə bizim üçün olduqca vacibdir. Biz ən qabaqcıl təcrübəni istifadə edəcəyik. Bu, layihə çərçivəsində ilk birgə iş deyil. Beş il əvvəl turizm sahəsi üzrə həyata keçirilən Tvinninq layihəsinin müsbət nəticələrinin şahidiyik”.
Mədəni irsin iqtisadi aktivə çevrilməsi
Nazir bildirdi ki, bu layihə mədəniyyətin bütün sahələrini əhatə edir. Layihə əsasında 13 mühüm sənəd hazırlanıb, İsmayıllı, Lənkəran və digər regionları əhatə edib. Digər regionlar da bu prosesdən məlumatlıdır və onlar da zamanla işlərini bu sistem üzrə qurmalıdırlar. Layihənin vacib tərəflərindən biri Azərbaycanın mədəni irsinin dünyada tanıdılması və təbliğidir: “Bilirsiniz ki, ölkə rəhbərliyinin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın mədəniyyəti bütün dünyada tanıdılır və qəbul edilir, maddi-mədəni irs nümunələrimiz UNESCO-nun qorunan incilər siyahısında yer alıb. Prezident İlham Əliyevin mədəniyyət sahəsi üzrə əsas göstərişlərindən biri də budur ki, Azərbaycan mədəniyyəti, bizim mədəni sərvətlər dünya təcrübəsinə uyğun təqdim edilməlidir. Avropa təcrübəsi mədəniyyətin özünə ziyan vermədən dövlətə, xalqa, bu sahədə işləyən insanlara əlavə vəsait gətirməsinə şərait yaradır. Bir sözlə, mədəni irsi iqtisadi aktivə çevirməyi öyrədir. Tvinninq layihəsi çərçivəsində əldə olunan təcrübə gələcəkdə mədəniyyətin idarə edilməsi sahəsində görüləcək işləri təxmin etməyə, daha səmərəli fəaliyyətə imkan yaradacaq. İşimizi dünyada qəbul edilən qaydalar və üsullara əsasən qurmaqla, insanların mədəni istirahətini təşkil etməklə həm də dövlətimiz və çalışdığımız sahə üçün maliyyə qazanılmasına şərait yaratmalıyıq. Tvinninq layihəsi çərçivəsində həyata keçirilən işlər sübut etdi ki, Azərbaycanın mədəniyyət sahəsi kifayət qədər islahatlara hazırdır”.
Əbülfəs Qarayev sonda nazirliyin qarşısında duran əsas məqsədlərlə tədbir iştirakçılarını tanış etdi və bildirdi ki, layihə ilə bağlı təklifi olan hər bir mütəxəssis bu haqda nazirliyə müraciət edə bilər.
“Azərbaycanın zəngin irsi layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas layihənin ən yaxşı təcrübəsinin Azərbaycanda tətbiq olunduğunu dedi. Qeyd edildi ki, Azərbaycanın zəngin mədəni irsi layihənin əhatəli şəkildə reallaşmasına şərait yaradıb: “Bu gün Azərbaycan və Avropa İttifaqı bir-birini kəşf etməkdədir və Azərbaycan Tvinninq layihəsindən bəhrələnən ölkələr arasında ön sıralardadır”.
Vurğulandı ki, layihənin müsbət tərəflərindən biri də Avropa ölkələrindən olan turistlərin Azərbaycana marağını cəlb etməkdir. May ayında Aİ tərəfindən təşkil ediləcək tolerantlıq festivalına Azərbaycanın dəvət edilməsinin əsas səbəbi ölkənin mədəni sərvətlərinin zənginliyidir.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd etdi ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı ölkələr arasında siyasi münasibətlərə də öz töhfəsini verir: “Ekspertlərimiz Azərbaycana daha çox turist cəlb edilməsi istiqamətində müvafiq bilik və bacarıqlarını bölüşüblər. Layihə Azərbaycana mədəni irsdən iqtisadi səmərə əldə etmək imkanı yaradır. İtalyan ekspertlərin əsas məqsədi burada öz təcrübələrini bölüşmək idi. Əgər ölkənin milli kimliyi, mədəni irsi varsa, bundan qürur duyub onu iqtisadi aktivə çevirmək lazımdır. Azərbaycan da bu baxımdan ilk sıralarda olan ölkələrdəndir”.
Benefisiar ölkə üzrə layihə rəhbəri, Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, Aİ-yə üzv ölkə üzrə layihə rəhbəri Adele Çesi çıxış edərək bildirdilər ki, çağdaş dövrümüzdə mədəniyyət sektoru ölkənin sosial və iqtisadi həyatında mühüm yer tutur və digər sahələr kimi onun yerli və beynəlxalq qurumlar tərəfindən dəyərləndirilməsi vacibdir. Avropanın mədəniyyət sektorunun qabaqcıl təcrübələrinə əsaslanaraq mədəniyyət sektorunun effektiv idarə edilməsinin ölkənin gəlirlərinin artmasına və ümumi gəlirinə nə qədər böyük töhfələr verə biləcəyi, eləcə də Azərbaycan nümunəsində onun iqtisadi diversifikasiya və sosial inkişaf istiqamətində tərəqqisinə təsiri danılmazıdır.
Rezident Tvinninq müşaviri Alessandro Bianki çıxış edərək layihənin nəticələri ilə bağlı hesabatı təqdim etdi. Bildirdi ki, mədəni irsi sosial vasitəyə çevirmək müasir dövrün əsas şərtlərindən biridir.
Tvinninq müşavirinin həmkarı Ramil Abbəkirov layihənin veb-saytı haqqında iştirakçılara məlumat verdi. Qeyd etdi ki, saytın yaradılmasında məqsəd layihənin nəticələrini bir araya gətirərək effektli işin qurulmasına xidmət etməkdir. Saytda layihə çərçivəsində qəbul edilən bütün sənədlər əksini tapıb, 2 il müddətində həyata keçirilən tədbir və görüşlər, treninqlər barədə məlumatlar yerləşdirilib. Əlaqə bölməsində mütəxəssisləri maraqlandıran suallar cavablandırılacaq.
Tədbirin sonunda nazir Əbülfəs Qarayev layihənin yekunları və sayta əlavələrlə bağlı öz tapşırıq və tövsiyələrini verdi, layihənin reallaşmasında əməyi keçən hər kəsə təşəkkür etdi. Bildirdi ki, layihə dövlət əhəmiyyətli bir işdir və regionlarda yerli orqanlarla birlikdə bu nəticələri reallaşdıraraq məhsuldar işləmək hər bir mədəniyyət ocağının qarşısında duran əsas vəzifələrdən biri olmalıdır.
Qeyd edək ki, layihə Avropa İttifaqının “Avropa Qonşuluq Siyasəti” çərçivəsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində reallaşdırılıb.
Lalə