Aprelin 6-da Bakıda Türkiyə və Azərbaycanın ortaq nəşri olan “Turkaz magazine” jurnalının təqdimat mərasimi keçirildi. Mərasimdə mətbuat nümayəndələri, millət vəkilləri və sahibkarlar iştirak edirdilər. 
   Təqdimatda "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “Proaktiv” şirkətinin direktoru Şahanə Sarı, Azərbaycan-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyin Büyükfırat və başqaları çıxış edərək dərginin iki qardaş ölkə arasında çoxsahəli əlaqələrdə önəmli rol oynayacağına inandıqlarını bildirdilər. 
   Jurnalın təsisçisi və baş redaktoru Yeganə Quliyeva nəşrin Türkiyədə Azərbaycanı tanıtmaq məqsədi daşıdığını bildirdi: “Bəzən çoxlarına elə gəlir ki, Azərbaycanı Türkiyədə tanıtmağa gərək yoxdur. Əslində çox gərək var. Jurnal bu amala xidmət edəcək”. 
   Bildirək ki, dərginin artıq 7 sayı işıq üzü görüb. Jurnalın saylarında siyasi, iqtisadi, səhiyyə, kulinariya, moda və s. mövzularda xəbərlər, eləcə də tanınmış siyasətçilər, iqtisadçılar, həkimlər və iş adamları ilə müsahibələr yer alır.
   
   S.Qaliboğlu