Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan kinosunun yaranmasının 120 illiyi ilə bağlı “Yeni nəfəs - III” adlı qısametrajlı ssenari müsabiqəsi elan edib.
   İttifaqdan bildiriblər ki, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, həmçinin milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə keçirilir. Müsabiqənin şərtlərinə görə, yaşı 35-dək olan bütün şəxslər istənilən janrda, bədii, sənədli və animasiya ssenariləri təqdim edə bilər. Ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə, orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.
   Ssenarilər 20 səhifədən çox olmamaq şərtilə üç nüsxədə, çap olunmuş və CD diskdə təqdim olunmalı, müəllifin ad və soyadı qeyd olunmamalıdır. Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Ssenarilər sentyabrın 25-dək Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.
   Müsabiqədə dörd mükafat (Qran-pri - 2500 manat və ssenarinin ekranlaşdırılması, I, II, III yerlər üçün müvafiq olaraq 2000, 1500, 1000 manat) nəzərdə tutulur.