Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk Şurasının heyəti ilə görüş
   
   Prezident seçkilərini izləmək üçün ölkəmizə gəlmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) katibliyinin müşahidəçi heyəti Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub. Heyətə Türk Şurası baş katibinin müavini Ömər Kocaman başçılıq edib.   
   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqlara qurumun fəaliyyəti barədə məlumat verib, Türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması istiqamətində icra olunan müxtəlif layihələr və tədbirlərdən söz açıb.
   Görüşdə iki qurum arasında əməkdaşlığın möhkəmləndirilməsinin Türk dünyası üçün əhəmiyyəti vurğulanıb. Eyni zamanda türkdilli qurumların ümumtürk mədəniyyətinin qorunub gələcək nəsillərə ötürülməsi istiqamətində təşkilatların daim bir-birinə dəstək olduğu ifadə edilib.
   Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sentyabrda Bişkekdə keçirilməsi planlaşdırılan zirvə toplantısında müzakirəyə çıxarılacaq məsələlər haqqında fikir mübadiləsi aparılıb. Həmçinin qurumlar arasında əlaqələrin genişləndirilməsi üçün il ərzində birgə təşkil olunacaq tədbirlər barədə danışılıb.