Ölkəmizin nümayəndə heyəti Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasiminə qatılıb
Aprelin 16-da Qətərin paytaxtı Doha şəhərində Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimi olub. Mərasimə bir sıra qonşu ölkələrin dövlət və hökumət başçıları, mədəniyyət və turizm nazirləri, 30-dan artıq ölkənin milli kitabxanasının direktorları qatılıb.
Azərbaycanı mərasimdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Milli Kitabxananın direktoru Kərim Tahirov və ölkəmizin Qətərdəki səfiri Rəşad İsmayılov təmsil ediblər.
Qətər Milli Kitabxanası Qətər Fondunun nəzdində fəaliyyət göstərir. Bu modern və möhtəşəm arxitekturaya malik bina fondun dəstəyi ilə dünyanın ən məşhur arxitektorları və mütəxəssisləri cəlb olunmaqla inşa edilib. Kitabxananın 1 milyonluq kitab fondu tam şəkildə açıq fond kimi oxucuların istifadəsinə verilib. Böyük oxu zalları olan kitabxanada evə verilən kitabların qaytarılması üçün avtomatlar quraşdırılıb. Binada ən son texnoloji avadanlıqlardan və avtomatlaşdırma vasitələrindən istifadə olunub.
Açılış mərasimində Qətər Dövlətinin Əmiri Şeyx Təmin bin Həməd Əl-Sani, Qətər Fondunun prezidenti xanım Şeyxa Moza bint Nasir Əl-Misnəd, Qətər Milli Kitabxanasının icraçı direktoru Sohair Wastawy, bir sıra ölkələrin milli kitabxanalarının direktorları, binanın arxitektoru Rem Kulhas və başqaları çıxış ediblər.
Sonra Qətər Əmirinin adından qonaqların şərəfinə ziyafət verilib. Ziyafətin sonunda Şeyx Təmin bin Həməd Əl-Sani ilə görüşən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Respublikası Prezidentinin salamlarını Qətər rəhbərinə çatdırıb və bu möhtəşəm layihə münasibətilə onu və Qətər xalqını təbrik edib.
Qeyd edək ki, səfər proqramında Azərbaycan Milli Kitabxanası ilə Qətər Milli Kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumun imzalanması da nəzərdə tutulub.