UNESCO-nun siyahısına daxil edilmiş kamança və dolmaya dair nominasiyaların sertifikatları təqdim olundu
Məlum olduğu kimi, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 2017-ci il dekabrın 6-da Cənubi Koreyada keçirilən 12-ci sessiyasında milli mətbəximizin ləziz nemətlərindən dolmanın hazırlanma-paylaşma ənənəsi və musiqi irsimizin ecazkar nümunəsi olan kamançanın hazırlanması və ifaçılıq sənəti təşkilatın siyahısına salınıb. Bəşəriyyətin mədəni irs xəzinəsi Azərbaycan mədəniyyətinin daha iki nümunəsi ilə zənginləşib.
Aprelin 13-də Bakıda "Dolma hazırlama və paylaşma ənənəsi” və “Kamança hazırlanması və ifaçılıq sənəti” nominasiyalarının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən sertifikatların Azərbaycana təqdim olunması münasibətilə mərasim keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət və hökumət rəsmiləri, elm, mədəniyyət xadimləri, diplomatik korpusun nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva əvvəlcə mədəniyyət və turizm ictimaiyyəti adından Prezident İlham Əliyevi yenidən ölkə başçısı seçilməyi münasibətilə təbrik etdi.
Kamança və dolmanın UNESCO-nun siyahısına daxil edilməsini ötən ilin ən mühüm mədəni hadisələrindən hesab edən nazir müavini təşkilatın müvafiq siyahılarına daxil edilmiş irs nümunələrinin sayına görə Azərbaycanın lider ölkələr sırasında olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti nəticəsində qədim və zəngin mədəniyyətimiz milli çərçivədən beynəlxalq səviyyəyə çıxaraq dünya mədəniyyətinin və irsinin bir parçası kimi təsdiqini tapıb: “Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, çövkən ənənəvi atüstü oyunu UNESCO-nun müvafiq siyahılarına daxil edilib. İçərişəhər Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə, habelə Qobustan qoruğu təşkilatın Dünya irs siyahısında yer alıb”.
Sevda Məmmədəliyeva Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı apardığı mənimsəmə, saxtalaşdırma faktlarından söz açaraq bildirdi ki, biz daim mədəni irs nümunələrimizin qorunması ilə bağlı Ermənistanla mübarizədəyik: “Buna görə də UNESCO tərəfindən mədəni irs nümunələrimizin tanınması olduqca vacibdir. Kamançanın həm ifaçılığının, həm də hazırlanmasının təşkilatın siyahısına qəbul edilməsi Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətlə məşğul olan insanların rifahına müsbət təsir göstərəcək. Kamança ilə bağlı nominasiya faylının İranla birgə verilməsi Azərbaycan dövlətinin mədəniyyəti paylaşma ruhuna uyğun siyasətinin və beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqa sadiqliyinin göstəricisidir”.
Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeləri möhkəmlənir
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri Elnur Sultanov ölkəmizin beynəlxalq təşkilatlarda mövqelərinin günü-gündən möhkəmləndiyini dedi. Bildirildi ki, Azərbaycan 25 ildən bəri UNESCO ilə əməkdaşlıq edir. Bu əməkdaşlıqda Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr müstəsna rol oynayır.
Vurğulandı ki, ölkəmizin qədim və zəngin mədəniyyətinin dünyada tanıdılması üçün görüləcək işlər çoxdur: “UNESCO üzrə Azərbaycan Milli Komissiyası olaraq bu istiqamətdə ölkəmizin aidiyyəti qurumları ilə uğurlu əməkdaşlıq edirik. Ümid edirəm ki, birgə səylər nəticəsində yeni nailiyyətlərimiz çox olacaq”.
Sonra UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının sədri “Mədəni kimliyin göstəricisi dolmanın bişirilməsi və paylaşılması ənənəsi” və “Kamança simli musiqi alətinin hazırlanma və ifaçılıq sənəti” adlı nominasiyaların UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsini təsdiqləyən, qurumun baş direktoru xanım Odri Azuley tərəfindən imzalanmış sertifikatları nazir müavini Sevda Məmmədəliyevaya təqdim etdi.
“Mədəni irsimizi tanıtmaqda həmrəy olmalıyıq”
Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, İSESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Vasif Eyvazzadə çıxış edərək mərasim iştirakçılarına təşəkkürünü bildirdi, kamança və dolma ilə bağlı UNESCO-da qəbul olunan qərarı ötən ilin yaddaqalan mədəni hadisəsi kimi yüksək qiymətləndirdi.
Tanınmış azərbaycanlı kulinar, yazıçı və fotoqraf Stalik Xankişiyev Azərbaycanın çox zəngin mədəni irsə malik olduğunu dedi: “Bizi digər xalqlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri də məhz mədəni irsimizin zənginliyidir. Bir xalq olaraq bizə bəxş edilən bu dəyərin qiymətini bilməli, onu qorumalı və tanıtmaqda həmrəy olmalıyıq”.
Çıxışlardan sonra kamança ifaçıları maraqlı musiqi nömrələri səsləndirdilər.
Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən patenti alınan “Bakı ağ şanı dolması”, “Abşeron zeytun dolması”, “Salyan balıq dolması”, “Ordubad gupa dolması”, “Kəngərli qıra dolması”, “Quba alma dolması”, “Qəbələ qoz dolması”, “Qax quru dolma”, “İsmayıllı pip dolması”, “Lənkəran limon dolması” hazırlanaraq qonaqlara təqdim edildi.
Lalə Azəri