İspaniya Diplomatların Beynəlxalq Assosiasiyasının (AİDE) təşkilatçılığı ilə Madriddə “Kermes 2018” beynəlxalq xeyriyyə bazarı keçirilib.
Bu il 23-cü dəfə təşkil olunan tədbirdə 50-dək ölkənin İspaniyadakı diplomatik nümayəndəliyi milli mədəniyyətlərini, mətbəxini və musiqisini nümayiş etdirib.
Qeyd edək ki, hazırda AİDE-yə Azərbaycanın İspaniyadakı səfirinin xanımı Mehriban Məhərrəmova rəhbərlik edir. O, çıxış edərək tədbirə verdiyi dəstəyə görə AİDE-nin fəxri prezidenti Kraliça Sofiyaya təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları həmyerlimiz, Prezident təqaüdçüsü, Kraliça Sofiya Ali Musiqi Məktəbinin tələbəsi Elvin Qəniyevin ifasında Qara Qarayevin "Yeddi gözəl" baletindən “Vals” və “Karmen” əsərindən bir parçanı dinləyiblər.
Bazarı ziyarət edən Kraliça Sofiya Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə qurulan stendlə də tanış olub.
Ölkəmizin milli şirniyyatları, milli yeməklərimizdən plov, kükü, dovğa, qutablar, yarpaq dolması, lavaş, milli ornamentləri əks etdirən suvenirlər, kəlağayı, geyimlər sərgi iştirakçılarında böyük maraq doğurub. Xeyriyyə bazarında iştirakçılara Azərbaycan barədə ətraflı məlumat verilib.
Xeyriyyə bazarından əldə olunan vəsait Kraliça Sofiya Fondunun hesabına köçürüləcək. Həmin vəsait Alzheymer xəstəliyindən əziyyət çəkən insanların müalicəsinə sərf olunacaq.