Aprelin 18-də Nizami Kino Mərkəzində çəkilişi 2019-cu ildə planlaşdırılan “Babək 2020” filmi ilə bağlı təqdimat keçirildi. Film yeni təsis edilən “Azərbaycan Film Akademiyası” tərəfindən istehsal olunacaq.
Filmin quruluşçu rejissoru Zaur Tahirsoy bildirdi ki, 40 il əvvəl “Azərbaycanfilm” kinostudiyası tərəfindən lentə alınan “Babək” filminin müasir dövrdə yeni variantını yaratmaq fikrindədirlər. Eyni zamanda məqsədimiz “Made in Azerbaijan” brendini film sahəsində də yaratmaqdır. “Babək 2020” filmi yeni qrafika ilə yanaşı ssenari baxımından da müstəqil Azərbaycan dövlətinin ideologiyasını özündə əks etdirəcək.
Filmin geyim rəssamı Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, art direktoru Türkiyədə “Diriliş Ertuğrul” “Birleşen gönüller”, “Göçebe” və bir çox tarixi filmlərdə quruluşçu rəssam kimi fəaliyyət göstərmiş Mustafa Ziya Ülkenciler olacaq. Epik janrda olan “Babək 2020” filminin döyüş səhnələrini məşhur Rusiya və Hollivud filmlərində çalışan Qazaxıstanın “Nomad Stunts” kaskadyor komandası icra edəcək.
Mətbuat konfransında vurğulandı ki, Azərbaycan tarixini dünyaya çatdıracaq potensialda olacaq bu film müasir kinonun bütün tələblərinə cavab verəcək. Hazırda tarixçilərlə məsləhətləşmələr və ssenari üzərində iş gedir. Həmçinin vurğulandı ki, lentə alınacaq filmin bədii rəhbəri kimi layihəyə 1979-cu ildə çəkilən “Babək” filminin rejissoru, Xalq artisti Eldar Quliyev dəvət olunacaq.
L.Azəri