Azərbaycan kinosu 120    

 

    Bəşəri ideyalar aşılayan filmin yaranmasından 45 il ötür
   
   Azərbaycan kinosunun sürətli yüksəlişi 1960-70-ci illərə təsadüf edir. Həmin dövrdə nəinki kinoda, eyni zamanda ədəbiyyatda, incəsənətin digər sahələrində də bir canlanma müşahidə olunurdu. Kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə qeyd edir ki, həmin dövrdə sənətin bütün sahələrində olduğu kimi kinematoqrafçılar da insanların qurub-yaratmaq arzuları ilə yanaşı, tarixin səhifələrini də gündəmə gətirir, canlı və dolğun xarakterləri ekran həllində xalqa çatdırırdılar. Doğrudur, Azərbaycanda tarixi filmlərin yaradılması ideyası hələ Böyük Vətən müharibəsi başlamazdan (1941) əvvəl meydana çıxmış, o dövrdə hətta görkəmli sərkərdə Babək haqqında irihəcmli bədii filmin yaradılması nəzərdə tutulmuşdu. A.Kazımzadə bildirir ki, müharibə dövründə yazıçı Şəmsəddin Abbasov “Babək” adlı kinossenari yazsa da, bəlli səbəblərdən layihə həyata keçirilmir.
   70-ci illərdə kinoda tarixi mövzulara diqqət artır. Bu dövrdə “Azərbaycanfilm” kinostudiyasında ardıcıl olaraq lentə alınan “Nəsimi”, “Babək” və “Dədə Qorqud” kimi tarixi-bədii filmlər quruluşunun genişliyi və parlaq təsviri ilə fərqlənir. 
   Bu sahədə görkəmli kinorejissor, Xalq artisti Həsən Seyidbəylinin xüsusi xidmətləri vardı. Onun quruluş verdiyi, Azərbaycanın kino salnaməsində özünəməxsus yer tutan “Nəsimi” filminin bu il 45 yaşı tamam olur. Filmin ərsəyə gəlməsində iştirak edən insanlarla söhbətimizdə həmin illərə səyahət etdik. 
   
   Tarixi film müəllifdən böyük məsuliyyət tələb edir
   
   Xalq yazıçısı İsa Hüseynovun (Muğanna) ssenarisi üzrə H.Seyidbəylinin 1973-cü ildə çəkdiyi tarixi-bioqrafik “Nəsimi” filmi Azərbaycan xalqının böyük mütəfəkkir şairi İmadəddin Nəsiminin (1369-1417) anadan olmasının 600 illiyinə həsr edilmişdi. Bu dövrdə müasir Azərbaycan filmlərinin kinematoqrafik dili, üslub dəst-xətti mütərəqqi proses keçmişdi. Ekran əsərinin redaktoru, Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə qeyd edir ki, həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünas filoloqları, sənətşünasları dəvət etmişdilər:
   - Öncə onu qeyd edim ki, ötən əsrin 70-ci illərini Azərbaycan kinosunun qızıl dövrü hesab edirəm. Bir çox gözəl filmlərimiz məhz həmin illərdə ekranlaşdırılıb. “Nəsimi” filminin çəkilişlərinə hazırlıq iki il əvvəldən başlamışdı. İsa müəllim Nəsimi obrazı üzərində gərgin işləyirdi. O dövrdə mən kinostudiyada ssenari-redaksiya heyətinin kollegiya üzvü idim, filmin ssenarisində yaxından iştirak edirdim. H.Seyidbəylinin yaxşı filmləri çox olsa da, bir rejissor kimi onun şah əsəri “Nəsimi”dir. O, bütün istedadını, enerjisini, biliyini məhz bu filmə həsr etdi. Nəsimi kimi şəxsiyyət haqqında filmin ədəbi ssenarisi güclü olmalı idi və bu işdə İ.Hüseynovun əməyi danılmazdır. İsa müəllim rejissora material qıtlığı yaşatmadı. O, ssenarini yazmaqla işini bitmiş hesab etmirdi, daim rejissorun yanında idi. Bəzən ən güclü ssenarilər zəif rejissorlar tərəfindən baxımsız edilib. Amma bu filmdə həm ssenari, həm də rejissor işinin möhtəşəmliyi mükəmməl bir ekran əsərinin yaranmasına rəvac verdi. Bu filmdə redaktor işləmək həm də Həsən müəllim və İ.Hüseynov kimi görkəmli sənətkarların yaradıcılıq məktəbini keçmək deməkdir. 
   
   İntiqam müəllim qeyd edir ki, H.Seyidbəyli redaktoru da diqqətlə dinləyir, heç bir qeydi və maraqlı fikri kənara qoymurdu:
   - Filmə tanınmış mətnşünas, əruzun bilicisi Əli Fəhminin məsləhətçi seçilməsini mən təklif etmişdim. Çünki o, universitetdə mənə dərs demişdi və mən onun klassik şeirimizi, əruzu gözəl bildiyinin şahidi idim. Bu gün “Nəsimi” filminin ən təsirli xüsusiyyətlərindən biri də bədii qiraət səhnələridir. Rasim Balayevin ifasında Nəsiminin qəzəllərinin səslənməsi filmə bir möhtəşəmlik verir. Ə.Fəhmi R.Balayevlə saatlarla, günlərlə məşqlər edirdi. Filmin səsləndirilməsi zamanı o, zalda yenə də rejissorun və aktyorun yanında düzəlişlər verirdi. Kinostudiyanın direktoru Adil İsgəndərov filmin çəkilişinə xüsusi nəzarət edirdi. Filmə lazım olan bütün maddi-texniki ləvazimat vaxtında hazır edilirdi. Teymurləng obrazını yaradan Yusif Vəliyevin oyunu Azərbaycan aktyorluq sənətinin yüksək zirvələrindən birini təşkil edir. 
   
   Filmin redaktoru bildirir ki, çəkiliş prosesində ssenaridə yer alan təriqətçiliklə bağlı nüanslara heç bir qadağa qoyulmadı: “Həmin dövrə kimi bizim heç bir filmimizdə, yaxud teatr tamaşamızda Nəimi, hürufilik idealları qabardılmamışdı. Filmdə şəxsən mənim çox sevdiyim səhnələr var. Bu səhnələrdən biri dərvişlərin deyişmə anıdır. Bütün bunlar bizim mədəni irsimizin inciləridir. Filmdə, təbii ki, müəyyən işarələr var ki, onlar da ümumən şəkli ifasını tapıb. Bir sözlə, bu film böyük şairimizi xalqa bir daha sevdirə bildi.
    
   Sənət imtahanı
   
   Nəsimi obrazının ifaçısı, Xalq artisti Rasim Balayev film haqqında danışarkən deyib: “Çəkiliş zamanı dərk edirdim ki, bu, mənim üçün ölüm-qalım məsələsidir. Nəsimi obrazı ilə ya sənətdə öz yolumu müəyyənləşdirəcək, ya da uğursuzluğa düçar olub kinodan bir dəfəlik gedəcəkdim. Üzərimdə böyük məsuliyyət hiss edirdim. Həyəcanımı boğa bilmirdim. Zəhmətsevərliyim, istedadım və çəkiliş meydançasında daima yanımda olan insanların köməyi sayəsində belə çətin işin öhdəsindən gəldim. Ondan sonra bütün filmlərə sınaq çəkilişlərsiz dəvət edilirdim. Nəsimi rolu kino aləmində mənim “vizit kartım” oldu”. 
   Qeyd edək ki, Nəsimi obrazı R.Balayevin kinoda ilk böyük işidir. Nəsimi haqqında H.Seyidbəylidən soruşarkən o, çox böyük inamla cavab verərmiş ki, çılğın, istiqanlı, üsyankar şair obrazını yaratmaq, belə bir şəxsiyyətin bütün təzadlı, gərgin ömrünü yaşamaq gənc aktyor Rasim Balayev üçün çox çətindir: “Aktyordan böyük həyat, ekran və səhnə təcrübəsi tələb olunur. Rasim həm zahiri görkəmi, həm də emosionallığı ilə istənilən tələbə uyğun gəlir. Onun üzündə nə isə qəribə bir qədimlik var. Bir növ, orta əsr adamlarını xatırladır. Üzünün cizgiləri son dərəcə ifadəlidir, gözləri mənalıdır”. 
   Kino tədqiqatçıları yazırdılar ki, əslində bu obrazın kəşfi H.Seyidbəyliyə aid idi. O, söz, fikir tariximizdə XIV əsrdə kəşf olunmuş şair Nəsiminin 600 ildən sonra sənətdə surətini ortaya çıxarmışdı. 
   
   Bütün kadrlar tarixi abidələrin fonunda lentə alınıb
   
   Filmin yaradıcıları Nəsiminin həyatına, dövrün tarixi materiallarına əsaslanaraq dərin məzmunlu, yüksək ideyalı film ərsəyə gətirməyə nail olmuşdular. Xalq rəssamı Mais Ağabəyov ekran əsərinə quruluşçu rəssam kimi dəvət alanda 32 yaşı varmış. Bu gün Dövlət Rəssamlıq Akademiyasında kino rəssamlığının sirlərini gənc nəslə öyrədən fırça ustası bildirir ki, “Nəsimi” filminə qədər cəmi iki filmdə işi olub: “Yenicə gəlmişdim kinostudiyaya. “Yeddi oğul istərəm” və “Həyat bizi sınayır” filmlərində geyim üzrə rəssam kimi çalışmışdım. Tanınmış rəssam Məmməd Hüseynov “Nəsimi” filmində onunla işləməyi təklif edəndə ürəklə qəbul etdim. O deyirdi ki, film böyük və məsuliyyətli filmdir və yetərincə də iş var. Biz məkan seçimi edəndə artıq aktyor heyəti tam hazır idi və məşqlər gedirdi. Nəsimi obrazını hamı Rasim Balayevdə görürdü. Xatirimdədir, Adil İsgəndərovu Teymurləng obrazına sınaq çəkilişi etmişdilər. Amma səs tembrində hökmranlıq və sırf obraza yaxınlığa görə Yusif Vəliyevi təsdiqlədilər. Həsən müəllimin ən seçilən xüsusiyyətlərindən biri də o idi ki, filmlərdə gənc nəsillə peşəkarlar arasında körpü yarada bilirdi. Quruluşçu operator Rasim İsmayılovla bir çox yerləri gəzib məkanlar seçirdik. Həsən müəllim Kinematoqrafçılar İttifaqının sədri olduğu üçün qərargahımız da demək olar ki, elə həmin idarə idi. Məkanlar və filmin rəssamlığı ilə bağlı orada müzakirələr aparardıq”.
   Mais müəllim deyir ki, elə məkanlar seçilməli idi ki, Nəsiminin Azərbaycanda yaşadığı mühit əks olunsun: “Naxçıvanda Əlincə qalası, Suraxanıda “Atəşgah”da çəkilişlər etdik. Rejissor yığdığı komandaya inanırdı və bizim seçimlərə müdaxilə etmir, şübhə ilə yanaşmırdı. Geyimləri rəssam Elçin Aslanov hazırladı. O, tarixi yaxşı bilirdi və bu film onun kinoda ilk işi idi. Filmdə pavilyon dekorlarından demək olar ki, istifadə edilmədi. Bütün kadrlar tarixi abidələrin fonunda lentə alınıb. Bu çox çətinlik törədirdi. Karvansaraları elə interyerdə qururduq ki, zamanın nəbzini göstərə bilsin və tamaşaçı bunu duya, hadisələri olduğu kimi qəbul edə bilsin. Nəsimi səyyar həyat keçirdiyindən Bakıda Şirvanşahlar sarayında, Özbəkistanın Xivə şəhərində, Hələbdə çəkilişlər oldu”. 
   
   “Nəsimi” filmi ekranlara çıxandan bir il sonra, 1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafata layiq görülür və ən yaxşı kişi rolu ifasına görə Rasim Balayevə mükafat verilir. 
   Filmdə verilən mesajlardan biri də budur ki, bəşəri ideallar sahibi olan şairi öldürmək olar, lakin onun insanlığın gələcəyinə işıq salan ideyalarını məhv etmək mümkün deyil. Çoxplanlı filmdə hürufilərin dini fanatizm və ehkamçılıqla, teymurilərlə ideoloji mübarizəsi, müxtəlif qütblərdə dayanan xarakterlərin çarpışmalarına həsr edilən bütün süjet xətləri yüksək sənətkarlıqla işlənib. Ssenari müəllifi İ.Hüseynov film haqqında danışarkən deyib: “Nəsimi poeziyasını, şairin çoxcəhətli şəxsiyyətini öyrənərkən mən bir müəllif kimi, onda müasir gəncliyimizin tərbiyəsi üçün vacib olan cəhətləri daha qabarıq təsvir etməyə çalışmışam”. 
   
   * * *
   Tarixin çox ağır və çətin dövründə insanlara haqq yolu göstərən, öz sənətkar borcunu canı bahasına yerinə yetirən mütəfəkkir şair İmadəddin Nəsimini dünyaya və xalqa kinoda tanıtmaq düz 45 il əvvəl “Nəsimi” adlı filmin yaradıcı heyətinin bəxtinə düşdü. Onlar bu filmi ərsəyə gətirməklə həm də vətəndaşlıq borclarını yerinə yetirmiş oldular... 
   
   Lalə Azəri