Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib
Aprelin 26-da Bakıdakı Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub.
Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır.
Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və AMEA-nın nümayəndələri iştirak ediblər.
“Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər.
Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb.
“Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.
Heydər Əliyev Mərkəzinin parkında bu qədər insanın bir arada toplaşdığı mənzərə göz oxşayırdı. Hər kəs əlindəki kitabı vərəqləyir, şəkillər çəkdirir, müzakirələrə qatılırdı.
Aksiya ilə bağlı fikirlərini bölüşən müəllim və şagirdlər bildiriblər ki, belə tədbirlərin keçirilməsi ictimai həyatda mühüm hadisədir. Kitab bir nəslin digər nəslə mənəvi sərvətidir.