Aprelin 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid irsi və müasir dövr” mövzusunda konfrans keçirilib.
   Böyük şair və dramaturqun 135 illiyinə həsr edilən tədbirdə AMEA Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Cavid yaradıcılığından söz açıblar. Qeyd olunub ki, ədibin yaradıcılığındakı fəlsəfi, tarixi fikirlər Azərbaycan dramaturgiyasında yeni mərhələ açıb. 
   Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı muzeyin həyata keçirdiyi layihələrdən bəhs edib. Bildirib ki, Cavidin həyat və yaradıcılığı barədə dövri mətbuatda çap olunan məqalələrin 50 cildlik kitab şəklində nəşr edilməsi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bu günə kimi akademik Kamal Abdullanın rəhbərliyi ilə ədibin əsərləri müxtəlif dillərə tərcümə olunaraq Avropa ölkələrinə yayılıb. 
   Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının professoru, cavidşünas Cəlal Qasımov əsərlərində bəşəri ideyalara, türkçülüyə geniş yer verən şair-dramaturqun yaradıcılığının öyrənilməsində onun qızı Turan Cavidin göstərdiyi əvəzsiz xidmətlərdən danışıb: “Hüseyn Cavidin yaradıcılığında biz tarixə sadiqliyin şahidi oluruq. Millətin milli mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o, “Topal Teymur”u yazıb. Beləliklə, biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, Vətənə sədaqətin təcəssümünü görürük”.
   ADU-nun rektoru, akademik Kamal Abdulla deyib ki, Hüseyn Cavid hər bir azərbaycanlının yaxın şairi olmaqla yanaşı, doğma insanıdır. O, “Cavidə məhəbbətlə” adı altında nəşr edilən üçcildlik haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. 
   Sonda H.Cavidin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
   ADU-nun foyesində mütəfəkkir ədibin həyat və yaradıcılığını əks etdirən kitab sərgisi təşkil olunub.