Mayın 2-də Azərbaycan Milli Kitabxanasında “Zərifə Əliyeva. Biblioqrafiya” kitabı və “Zərifə xanım Əliyeva - 95” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə hazırladığı nəşr və kitabxana tərəfindən ərsəyə gətirilən məlumat bazası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilib. 
   Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək görkəmli alimin keçdiyi həyat yolu haqqında məlumat verdi. Biblioqrafiyanın əhəmiyyətindən danışan direktor qeyd etdi ki, “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından oxuculara təqdim olunan biblioqrafiyaya yeni bölmələr və yarımbölmələr əlavə edilib. Yeni nəşrdə son illərin materialları da öz əksini tapıb. Biblioqrafiya alimin 1958-2018-ci illərdə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitabları, elmi konqres, sessiya və konfrans materiallarında və dövri mətbuatda dərc edilmiş məqalələri haqqında materialları əhatə edir. Nəşrdə “Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın xatirəsinin əbədiləşdirilməsi” bölmələrinə ilk dəfə “Zərifə Əliyeva dünya kitabxanalarında” bölməsi də əlavə edilib. Nəşrə daxil edilmiş materiallar xronoloji ardıcıllıqla qruplaşdırılıb. Kitabın sonunda biblioqrafiyadan istifadəni asanlaşdırmaq məqsədilə köməkçi bölmələr - əlifba göstəriciləri də verilib. 
   
   Yüksək intellekt, vətənə məhəbbət və xeyirxahlıq
   
   Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev akademik Zərifə xanım Əliyevanın elmi fəaliyyətindən, onun ömür-gün yoldaşı ulu öndər Heydər Əliyevə olan böyük sevgisindən danışdı. Qeyd etdi ki, Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş bu insanı yada salanda göz önündə mənəvi kamilliyin ən uca zirvəsində dayanan, əziz xatirəsi milyonlarla insanın qəlbində yaşayan, insanların gözlərinə nur verən görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır: “Biz Zərifə xanımın timsalında nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazını görürük. Yüksək intellekt, geniş erudisiya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır”. 
   Vurğulandı ki, Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla ümummilli liderlə yanaşı addımlamaq, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. Övladlarını vətənin layiqli vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi: “Böyük Əziz Əliyevin ailəsində tərbiyə alan bir xanım, əlbəttə ki, bu mənəvi tərbiyə və nümunəni ömrü boyu davam etdirdi. Zərifə xanım bir vətəndaş kimi daim istehsalatda çalışan işçilərin qayğısını çəkdi, hər zaman onların yanında oldu. Təkcə həkim kimi deyil, ölkənin ictimai-siyasi həyatında da yaxından iştirak etməyə çalışdı. Azərbaycan qadınının ən gözəl xüsusiyyətləri Zərifə xanımın simasında cəmlənmişdi”. 
   Biblioqrafiyanın əhəmiyyətindən söz açan Vaqif Əliyev nəşri gənc tədqiqatçılar üçün qiymətli mənbə kimi dəyərləndirdi, onun ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi. 
   
   Nəsillərə örnək ailə timsalı
   
   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınının cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşdü. Diqqətə çatdırdı ki, ailədə qadın və kişinin bərabərliyi, daim bir-birinə arxa-dayaq olması nümunəsi ulu öndər Heydər Əliyev və Zərifə xanımın timsalında gənc nəslə bir örnəkdir. Onların bu ailə ənənəsi bu gün ölkə rəhbəri İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında davam edir. 
   Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Azərbaycan Tibb Universitetinin prorektoru Rauf Əliyev, AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Kəngərli və Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək görkəmli alimin elmi yaradıcılığından, insani keyfiyyətlərindən söz açdılar. Bildirildi ki, Zərifə xanımın milli səhiyyəmizin inkişafında, mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə, tibb işçilərinin hazırlanmasında müstəsna xidmətləri var. Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademikin zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Azərbaycanda traxoma xəstəliyinin tüğyan etdiyi vaxtlarda Zərifə xanım dissertasiya üzərində işləyə-işləyə minlərlə xəstənin sağlamlığını özünə qaytardı. 
   Tədbir çərçivəsində həmçinin Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Zərifə Əliyeva” kitabının yenidən çap olunmuş variantı da təqdim edildi.
   Sonda “Zərifə xanım Əliyeva - 95” adlı elektron məlumat bazası təqdim olundu. Baza haqqında ətraflı məlumat verildi. Bildirildi ki, məlumat bazasında görkəmli oftalmoloq alimin həyat və fəaliyyətini əhatə edən bütün materiallar toplanıb. Bununla da dünyanın bir çox ölkələrində alimin elmi fəaliyyəti ilə maraqlanan tədqiqatçılar onun irsi ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
   
   Lalə Azəri