Xalça Muzeyində Cümhuriyyət dövrünün gömrük tarixindən bəhs edən sərgi
Bakıda keçirilən Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik toplantısının iştirakçıları mayın 2-də Xalça Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Şərəfli tarixi yol" adlı sərgi ilə tanış olublar.
Dövlət Gömrük Komitəsinin təşkil etdiyi sərgi Cümhuriyyət dövründə hökumətin gömrük sahəsində fəaliyyətindən bəhs edir.
Xalça Muzeyinin direktoru Şirin Məlikova qonaqları salamlayaraq eksponatlarla, eləcə də Xalça Muzeyi ilə tanışlığın onlarda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək bildirib ki, nümayiş olunan eksponatlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrlə yanaşı, 1918-1920-ci illərdəki gömrük tarixini və həmin dövrü əks etdirən etnoqrafik mühiti, neft sənayesini və ictimai həyatı əks etdirir. Sərgilənən arxiv sənədlərini və fotoşəkilləri Azərbaycan Milli Elmlər Akademiyası təqdim edib. Səfər Mehdiyev buna görə AMEA-nın və təşkilati məsələlərdə dəstəyi üçün Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qonaqlar sərgi ilə yanaşı, Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olublar. Onlara Azərbaycan xalçaçılıq məktəbinin yaranması, inkişafı və xüsusiyyətləri barədə ətraflı məlumat verilib.