Mayın 2-də Bakıdakı “Semayf” restoranında niderlandlı və yerli aşpazların iştirakı ilə ustad dərsləri keçirilib.
Ustad dərsləri “Savalan” şərablarının istehsalçısı “Aspi Aqro” MMC və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə təşkil edilib.
Tədbirin keçirilməsində məqsəd Avropa mətbəxinin öyrənilməsi, Azərbaycan milli mətbəxinin təbliği, onun xarici qonaqlara və yerli tamaşaçılara bir daha nümayiş olunması, habelə Niderland ilə ölkəmiz arasında qastronomiya sahəsində əlaqələrin inkişaf etdirilməsidir.
Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers çıxış edərək iki ölkə arasında əməkdaşlıq əlaqələrindən söz açıb. Vurğulanıb ki, belə tədbirlər mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Bu cür tədbirlər mədəniyyəti təbliğ etməklə yanaşı, həm də xalqlar arasında dostluq münasibətlərinin bəhrəsidir.
“Aspi Aqro” MMC-nin İdarə heyətinin üzvü Arif Rəhimov, Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun vitse-prezidenti Yusif Abdullayev çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bu sahədə yeniliklərdən və aşpazların maraqlı əl işlərindən məlumatlı olmaq üçün belə tədbirin fürsət olduğu vurğulanıb.
Sonra qonaqlar aşpazların əl işləri ilə yaxından tanış olublar.
Azərbaycanlı aşpazlar tərəfindən şərablı marinadda quzu budu, üzüm yarpağından dolma, ağ şərabda sırdaq nərə balığı, desert - xan halvası hazırlanıb.
Tədbirdə peşəkar mütəxəssislərlə yanaşı, Bakı Turizm Peşə Məktəbi, Bakı Qida Sənayesi Kolleci, 5 və 12 nömrəli peşə liseylərinin tələbə və müəllimləri də iştirak edib.