Daşkənddə keçirilən festivalda ölkəmiz də təmsil olunub
   
   Özbəkistanın paytaxtındakı ingilisdilli Beynəlxalq Vestminster Universitetində “Xalqların adət-ənənələri və mədəniyyət” adlı ənənəvi festival keçirilib. Tədbirdə ölkəmizi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) təmsil edib.
   Ölkəmiz üçün ayrılmış guşədə Azərbaycanın tarixi və müasir inkişafı, mədəni irsi ilə bağlı kitablar, o cümlədən “Qarabağ həqiqətləri” seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, musiqi alətləri, məişət əşyalarımız, suvenirlər nümayiş etdirilib. Qarabağın milli kişi və qadın geyimləri, xalçalarımız iştirakçıların xüsusilə marağına səbəb olub. 
   Azərbaycan guşəsinə gələnlərə müxtəlif məzmunlu kitab və jurnallar hədiyyə olunub.
   AMM-in əl işləri və naxıştikmə dərnəyinin istedadlı uşaqları qonaqlara öz əl işlərini nümayiş etdirib, milli suvenirlərimizin hazırlanması prosesi təqdim olunub.
   Mərkəzin nəzdindəki "Azərbaycan qızları" rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.