40-cı Moskva Beynəlxalq Kinofestivalının başa çatmasından bir həftə ötsə də, əsas mükafata layiq görülmüş film - yakut kinosunun hələlik sonuncu fenomeni olan “Hökmdar-quş" haqqında müzakirələr hələ davam edir.
   Qeyd edək ki, son 9 ildə ilk dəfə Moskva kinofestivalının əsas mükafatı - "Qızıl Georgi" Rusiya Federasiyasında qalıb və o, yakutiyalı rejissor Eduard Novikovun cüzi büdcə ilə (cəmi 3 milyon rubl) çəkdiyi filmə verilib.
   Maraqlıdır ki, Yakutiyada təxminən on ildir ki, bəzən çox kiçik büdcə ilə çəkilən filmlər prokata çıxdıqda böyük pullar qazanır, sonra isə müxtəlif festivallarda uğurla qarşılanır. 
   Bəs "Hökmdar-quş" filmi nədən bəhs edir? 
   Ötən əsrin 30-cu illərində tayqanın dərinliklərində yaşayan qoca ər-arvad ölkədən, dünyadan xəbərsiz ömür sürürlər. Hələ də «ağlar, yoxsa qırmızılar» deyə baş sındıran qocalar vətəndaş müharibəsinin çoxdan qurtardığından da xəbərsizdir. Bir gün iri, sağlam bir qartal hardansa uçub gələrək onların evinin yanındakı ağaca qonur. Əvvəlcə qartalın peyda olmasını göylərin lənəti kimi qarşılayan, hətta bu lənətdən qurtulmaq üçün şaman çağıran ahıl cütlük zaman keçdikcə ona alışır, qartalın cavan ölmüş oğullarının əvəzi kimi zühur etdiyinə inanırlar. Ər-arvad onların mal-heyvanına toxunmasın deyə, quşu bəsləməyə başlayırlar. Qartal filmdə çoxmənalı metafora "rolunu oynayır". Kadrlar bir-birini əvəz etdikcə o gah qəhrəmana, gah bədheybətə, gah da əfsanəvi xəzinəyə çevrilir. Qədim adət-ənənələri ilə məmnun yaşayan yakutlar üçünsə, o həm də bu yerlərdə kimsəyə gərək olmayan öz qaydalarını yeridən sovet hakimiyyətinin rəmzi, təbiətin kortəbii qüvvəsinin səsi, eyni zamanda qocalarla mehriban davranan, evdə gecələyən, hətta gördüyü isti münasibətin əvəzində onlar üçün meşədən samur ovlayan canlı quşdur.
   "Hökmdar-quş"u seyr etmiş kino tənqidçiləri bir fikirdə yekdildirlər: ikisi insan, biri qartal olan personajın olduğu 80 dəqiqəlik filmə baxarkən gözlərini ekrandan çəkə bilmirsən. İlk kadrlarda diqqəti cəlb edən buzlaq, tayqa ekzotikası getdikcə maraqlı süjet xəttinin, mükəmməl rejissor və operator işinin, mahir aktyor ifasının kölgəsində qalır. 
   Filmdə xalq teatrının qocaman aktyoru Boris Petrov, Saxa teatrının aktrisası Zoya Popova, qartal rolunda isə Qırğızıstandan gətirilmiş, Tumara adlı əhliləşdirilmiş qartal çəkilib. 
   
   Gülcahan