Ümummilli liderin 95 illiyinə həsr edilmiş beynəlxalq konfrans başa çatdı
   
   Mayın 5-də Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq konfransının bağlanışı oldu. Universitetin Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə gerçəkləşdirdiyi tədbirə dövlət rəsmiləri, Bakıdakı diplomatik korpusun nümayəndələri, Türkiyə, Gürcüstan, İtaliya, Çin, Rusiya, Belarus, Ukrayna və Almaniyadan qonaqlar qatılmışdı.
   Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçəklər qoydular. Sonra isə ADU-nun həyətində yubiley şərəfinə müxtəlif dekorativ çiçəklər əkildi. 
   ADU-nun rektoru, akademik Kamal Abdullayev tədbiri açaraq aprelin 9-dan mayın 5-dək davam etmiş “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” I Beynəlxalq konfransı barədə ətraflı məlumat verdi. Bildirdi ki, bu müddətdə Bakı ilə yanaşı, Auqsburq (Almaniya), Kiyev (Ukrayna), Moskva, Samara və Yekaterinburq (Rusiya), Roma (İtaliya), Belqrad (Serbiya), Kayseri və Ərzurum (Türkiyə), Tbilisi (Gürcüstan), Hiçjou (Çin) şəhərlərində konfransın bölmə iclasları keçirilib. Konfransın, Azərbaycan da daxil olmaqla, bütün bölmə iclaslarında edilən məruzələrin Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işlərin elmi şəkildə araşdırılması və təbliğinə xidmət edir. 
   Rektor Bakıdan başlanan belə genişmiqyaslı elmi konfransı həm də ayrı-ayrı ölkələrin universitetlərində çalışan mütəxəssislərin, tələbələrin ünsiyyətinə, elmi əlaqələrin daha da möhkəmlənməsinə, digər tərəfdən də həmin ali təhsil ocaqlarında Azərbaycan dili və ədəbiyyatının tədrisinə, Azərbaycan dilindən tərcüməçilərin hazırlanması prosesinə töhfə kimi qiymətləndirdi. 
   Sonra beynəlxalq konfransın ayrı-ayrı şəhərlərdə keçirilmiş bölmə iclaslarını əhatə edən videoçarx nümayiş olundu. 
   Ardınca hər bir bölmə iclası barədə təmsilçilər məlumat xarakterli çıxışlar etdilər. 
   Konfransın bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev əvvəlcə böyük bir layihənin gerçəkləşməsi münasibətilə hər kəsi təbrik etdi. Bildirdi ki, Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının dünyanın müxtəlif universitetlərində araşdırılması və təbliği böyük bir uğurdur. Multikulturalizm və tolerantlıq ideologiyasının bir siyasi xətt olaraq Heydər Əliyev tərəfindən yaradılması heç də təsadüfi deyil. Çünki çoxmədəniyyətlilik və tolerantlıq dəyərləri xalqımızın genetik kodunda illər, əsrlər boyu yaşayıb. Bu gün gənc nəslin bu ideologiyanı elmi şəkildə öyrənməsi, onun bir elmi fənn olaraq tədrisi Azərbaycanın bu ideologiyaya həmişə sadiq qaldığına əyani sübutdur. 
   Nazir vurğuladı ki, ulu öndərin təməlini qoyduğu ideologiya bu gün də yaşayır. Son on ildə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında böyük bir təşəbbüs gerçəkləşməkdədir. 2008-ci ildə Bakıda Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransı keçirildi və Azərbaycan Prezidentinin dəvəti ilə həmin tədbirdə İslam ölkələrinin nazirləri də iştirak etdi. Prezident İlham Əliyev konfransda mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünü irəli sürdü. 2009-cu ildə isə İslam ölkələrinin mədəniyyət nazirləri Bakıda yığışdılar və bu dəfə həmin tədbirə Avropa ölkələrinin nazirləri qatıldı. Prezident İlham Əliyev 2010-cu ildə Nyu-Yorkda, BMT Baş Assambleyasının iclasında Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyini elan etdi. 2011-ci ildə ilk forum keçirildi və “Bakı Prosesi” beynəlxalq platformaya çevrildi. 
   Bu il “Bakı Prosesi”nin 10 illiyinin qeyd olunacağını diqqətə çatdıran nazir bildirdi ki, “Bakı Prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumu bütün diplomatik sənədlərdə Azərbaycanın multikulturalizm ideologiyasının nümunəsi kimi qəbul olunur. Vurğulandı ki, bu təşəbbüsün beynəlxalq hərəkata çevrilməsi ölkəmizin UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm, Dünya Ərzaq və Kənd Təsərrüfatı təşkilatları, Avropa Şurası və İSESCO ilə əməkdaşlığının bəhrəsidir. Ulu öndər Heydər Əliyevin multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoq ideologiyası artıq yeni müstəviyə daxil olaraq müasir formada uğurla davam etdirilir.
   Nazirin çıxışından sonra konfrans iştirakçılarına “Bakı Prosesi”nin 10 illiyinə həsr olunmuş videoçarx təqdim edildi.
   Tədbirdə çıxış edən Prezident Administrasiyası Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, YAP icra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı beynəlxalq konfransın əhəmiyyətini vurğuladılar. Gələcəkdə bu tədbirin mütəmadi keçiriləcəyinə və coğrafiyasının genişləndiriləcəyinə əminlik ifadə olundu.
   Tədbirə yekun vuran akademik Kamal Abdullayev beynəlxalq konfransın keçirilməsində əməyi olanlara - xarici ölkələrdəki həmkarlarından, alimlərdən, universitetin əməkdaşlarına, tələbələrədək hər kəsə minnətdarlığını bildirdi.
   Mərasim universitet tələbələrinin hazırladığı bədii proqramla başa çatdı.
   
   G.Mirməmməd