Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında II Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 73-cü ildönümünə həsr olunmuş “Qələbəyə gedən yollar” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Tahir Sadıqov qeyd edib ki, müharibə illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. 1941-1945-ci illərdə Azərbaycandan 600 mindən çox insan cəbhəyə yollanıb, onların yarısı döyüşlərdə həlak olub. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmiş, 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdu.
Nərimanov Rayon Veteranlar Şurasının sədri, polkovnik Elşad Şabanov Azərbaycan xalqını qarşıdan gələn böyük bayram - Qələbə bayramı və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edərək özünün yazdığı “Qarabağ qüssəli, Qarabağ qəmli” şeirini oxuyub.
Müharibə veteranı Qara Sarıyev Ukrayna və Belarusiya döyüşlərində iştirakı ilə bağlı xatirələrini danışıb.
Tədbirdə mövzu ilə bağlı slaydlar nümayiş olunub.