Mayın 10-da müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tamam oldu.
Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan xalqımız qarşısındakı xidmətləri ilə hələ sağlığında tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.
Zaman onu da sübut edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin tərcümeyi-halıdır. Heydər Əliyevin tərcümeyi-halı isə Azərbaycan tarixidir. O, Azərbaycanı qorumaq üçün yaşayıb, Azərbaycanı yaşatmaq üçün qurub-yaradıb.
Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlu güclü dövlətçilik məktəbi də yaratdı. O, ən çətin vəziyyətlərdə belə təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və təcrübəsi ilə dəqiqliklə hesablayan bir lider idi.
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları və yaxınları xalqımızın xilaskar oğlunun doğum günündə ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.
Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla anıb.
Sonra dövlətimizin başçısı və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı üzərinə gül dəstələri qoyublar.
Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.
Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.