Mayın 10-da İtaliyanın Turin şəhərində ənənəvi beynəlxalq kitab sərgisi işə başlayıb. Rəsmi açılış mərasimində İtaliya Parlamentinin Deputatlar Palatasının prezidenti Roberto Fico iştirak edib.
Sərgidə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə milli stendimiz qurulub.
32 kvadratmetr sahəni əhatə edən ekspozisiyada Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi haqqında müxtəlif nəşrlər, Azərbaycan dövlətinin mədəniyyət siyasətinə uyğun olaraq yüksək bədii və poliqrafik keyfiyyətə malik kitablar, təbliğat materialları ziyarətçilərin diqqətinə təqdim olunur.
Ümumilikdə 200 adda 300 nüsxə nəşr məhsulu sərginin ilk günündən maraqla qarşılanıb.
Sərgi mayın 14-də yekunlaşacaq.