250 abidədə təmir işləri başa çatdırılıb
Mayın 7-də Ankarada hər il ənənəvi olaraq keçirilən “Vəqf həftəsi”nə start verildi. Mayın 8-də Beştepe Millət Konqres Mərkəzində keçirilən rəsmi açılış mərasimində ölkənin 7 bölgəsində 250 abidənin bərpasının başa çatması ilə bağlı canlı bağlantılar quruldu. Mərasimə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Baş nazirin müavini Hakan Çavuşoğlu, Vəqflər Baş Müdirliyinin rəhbəri Adnan Ertem, Türkiyənin bölgələrində fəaliyyət göstərən vəqflərin təmsilçiləri qatılmışdı.
Qeyd edək ki, builki “Vəqf həftəsi” Səlcuq və Osmanlı dövlətlərindən bu günə qədər vəqf quran qadınlara həsr olunub.
Öncə “Vəqf quran qadınlar və əsərləri sərgisi”nə baxış keçirildi.
Sonra “Vəqf quran qadınlar” simpoziumu başlandı. Tədbirin əvvəlində mövzu ilə bağlı qısa film nümayiş etdirildi.
Açılış nitqi ilə çıxış edən Adnan Ertem bildirdi ki, fəaliyyətlərimizi yalnız Türkiyədə deyil, bütün Osmanlı coğrafiyasında davam etdiririk: “Vəqf vəsiyyət kimidir. Övlada deyil, topluma həvalə edilən mirasdır”.
Hakan Çavuşoğlu bildirdi ki, sivilizasiya və ənənəmizin ən müstəsna qurumlarından biri olan vəqflərin quruluşu, bu gün keçmişdə olduğu kimi millətimizin və insanlığımızın xidmətindədir: “İslam sivilizasiyasının ən müstəsna vasitələrindən olan vəqflər XXI əsrdə insanlığa təklif etməmiz lazım olan ən əhəmiyyətli həll yollarından biridir. Çünki İslam mədəniyyəti paylaşmaq, yardım etmək üzərində qurulub. Bu mənada özü vəqf quran, xeyriyyəçilik edən qadınlarımızı minnətdarlıqla yad edirik”.
Baş nazir Binəli Yıldırım vəqflərin mahiyyətindən bəhs açdı və qeyd etdi ki, yüz illər boyu təqlid edilən və dünyada tayı-bərabəri olmayan vəqf mədəniyyətimiz bizim ən böyük zənginliklərimizdən biridir: “Millətimizin ən mühüm özəlliklərindən biri də insanların, hətta bütün canlıların faydalanması üçün etdiyimiz fədakarlıqdır”.
Baş nazir eyni zamanda Vəqflər Baş Müdirliyinin fəaliyyətlərinə də böyük önəm verdiyini vurğuladı və bildirdi ki, onların sayəsində Türkiyədə böyük işlərə imza atılıb.
Prezident Rəcəb Tayyib Ərdoğan bu anlamlı tədbirin əmanətə sahib çıxma nöqtəsində sərgilənən ən gözəl nişanə olduğunu dilə gətirdi. O, eyni zamanda Türkiyənin 7 bölgəsindəki 250 vəqf əsərinin öz fəaliyyətinə uyğun bərpa edilməsinə görə Vəqflər Baş Müdirliyinə minnətdarlığını bildirdi: “Bərpa edilən əsərlər arasında məscidlər, kitabxanalar, köşklər, kilsə və monastırlar, karvansaralar, hamamlar var”.
Çıxışlardan sonra Ərdoğanın iştirakı ilə bərpa işləri tamamlanan 7 bölgədə 250 əsərin canlı bağlantılı açılış mərasimi keçirildi.
“Vəqf quran qadınlar” simpoziumu işini mayın 11-də İstanbulda Bezmialəm Validə Sultan Vəqf Universitetində davam etdirəcək.
Mehparə Sultanova
Ankara