Azərbaycan
   
   12 may 1907 - Xalq artisti, bəstəkar və pedaqoq Səid Rüstəmov (1907 - 10.6.1983) İrəvanda anadan olub. "Beş manatlıq gəlin", "Durna", "Rəisin arvadı" musiqili komediyalarının, populyar mahnıların ("Oxu, tar", “Həkim qız" və s.) müəllifidir. Azərbaycan Televiziyası və Radiosunun Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və dirijoru olub. 
   12 may 1925 - Yazıçı Bayram Həsən oğlu Həsənov (1925-1979) Ermənistanın Alaverdi rayonunun Böyük Ayrım kəndində anadan olub. Uşaqlar üçün əsərlərin müəllifidir. 
   12 may 1935 - Əməkdar jurnalist Valid Möhsün oğlu Sənani (1935 - 23.1.2011) Bakıda doğulub. Azərbaycan televiziyasının ilk futbol şərhçisi olub.
   
   13 may 1929 - Şair və tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 - 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir.
   13 may 1937 - Xalq artisti, tarzən Adil Kamil oğlu Bağırov anadan olub. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblına rəhbərlik edib.
   13 may 1982 - Görkəmli bəstəkar, pedaqoq, Azərbaycan Elmlər Akademiyasının akademiki, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 - 1982) vəfat edib. Dünya musiqi xəzinəsinə daxil olan “Yeddi gözəl" (1952), “İldırımlı yollarla" (1958) baletləri, “Don Kixot" simfonik qravürü, “Leyli və Məcnun" simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir. 
   13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman), “Dolça”, “Bir görüşün tarixçəsi” (povest), “Mənim ərim dəlidir”, “Cəhənnəm sakinləri”, “Teleskop”, “Şekspir”, “Sənətkarın taleyi” (pyes) və s. “Arxadan vurulan zərbə”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir.
   
   14 may 1916 - Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film - “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.
   
   Dünya 
   
   12 may 1842 - Fransız bəstəkarı, lirik operaların müəllifi Jül Massne (Jules Massenet; 1842-1912) anadan olub. Əsərləri: “Verter”, “Tais” və s. 
   12 may 1907 - Amerika aktrisası Ketrin Hepbern (Katharine Hepburn; 1907-2003) anadan olub. Dörd dəfə «Oskar» mükafatına layiq görülüb. Filmləri: “Erkən şöhrət”, “Filadelfiya əhvalatı”, “Adəmin qabırğası” və s.
   
   13 may 1840 - Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (roman), “Arlezianka” (pyes). 
   13 may 1842 - İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.
   13 may 1882 - Fransız rəssamı, təsviri sənətdə kubizm cərəyanının banisi Jorj Brak (Georges Braque; 1882-1963) anadan olub.
   13 may 1924 - Sovet hökuməti kino işinin yenidən qurulması barədə qərar qəbul edib. Kino çəkilişi və prokata nəzarət bütünlüklə dövlətə (Xalq Maarif Komissarlığına) verilib.
   
   14 may 1265 - İtalyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir. Axirət dünyasına səyahəti təsvir edən poema üç hissədən (“Cəhənnəm", "Əraf", "Cənnət") ibarətdir. 
   14 may 1771 - İngilis filosofu Robert Ouen (Robert Owen, 1771-1858) anadan olub.
   
   Hazırladı: Vüqar Orxana