Azərbaycan kinosu 120
   
   “Kino tariximizdən maraqlı faktlar” rubrikasında 120 yaşlı Azərbaycan kinosunun salnaməsindən diqqətçəkən məqamları oxuculara təqdim edəcəyik. Faktlar kino tariximizin yorulmaz tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin qələmə aldığı məqalə və kitablardan, müxtəlif arxiv materiallarından toplanıb. 
   
   Sovet Azərbaycanının ilk filmi
    
   Sovet Azərbaycanının ilk kinolenti 1923-cü ildə çəkilən “Qız qalası” filmidir. Film o dövrdə çoxlu tənqidlərə məruz qalıb. Həmin dövrdə yalnız “Bakinski raboçi” qəzeti filmə belə münasibət bildirmişdi: “Qız qalası” filminin çəkilişi kino sənətinin ilk inkişaf dövrü üçün səciyyəvidir və Sovet Azərbaycanının birinci tammetrajlı bədii filmidir”. 
   
   Böyük Şərifzadənin kinoda ilk işi 
   
   A.M.Şərifzadə kinoya sənədli filmlə gəlmiş, ilk dəfə 1924-cü ildə “Azərbaycana səyahət” filmini çəkmişdir. Film mənzərə janrına yaxın tammetrajlı kinolentdir. Çəkilişlər Şəki, Ağdam, Ağstafa, Gəncə, Hacıkənd və Qubada aparılıb. A.M.Şərifzadə həm də filmin bədii rəhbəridir. Filmin ssenari müəllifləri A.Litvinov, Y.Tolçandır. 

   İlk detektiv filmimiz 
   
   1924-cü ildə lentə alınmış “Əvəz-əvəzə” filmi Azərbaycanın ilk detektiv filmidir. Film Qafqaz dağlarında xarici kəşfiyyatın fitnə-fəsadlarından danışır. Ekran əsərində sovet çekistlərinin mübarizəsi ön plana çəkilib. Bəzi epizodlar Kislovodskda lentə alınıb. 
   
   Məkan korluğu çəkməyən ilk filmimiz 
   
   Azərbaycan kinosu tarixində ilk böyük ekspedisiya çəkilişi 1927-ci ilin sonlarında lentə alınmağa başlayan “Hacı Qara” filmidir. Bu filmin çəkilişlərində bir neçə məkandan istifadə edilib. Film Ağdamın Muradbəyli kəndində, Şuşanın Xəlfəlidərə və Daşaltı kəndlərində, Suxumidə lentə alınıb. 1928-ci ildə Bakı kinofabrikinin yeni istifadəyə verilmiş kinopavilyonunda kütləvi səhnələr, mürəkkəb çəkiliş manerası tələb edən bazar, dükan epizodları lentə alınıb. Filmdə M.Əliyev, M.Mərdanov, A.Gəraybəyli, S.Ruhulla, M.Davudova, H.Abbasov kimi görkəmli sənətkarlar çəkilib. 

   Sonuncu səssiz film
   
   “İsmət” filmi Azərbaycan kinosunun sonuncu səssiz filmidir. Əsər M.Mikayılovun rejissorluğu ilə 30-cu illərdə ekranlaşdırılıb. O illərdə Azərbaycan qadınının taleyindən həyəcanla, eyni zamanda iftixar hissi ilə danışan film təkcə sənət əsəri kimi deyil, həm də həyati fakt kimi əhəmiyyət kəsb edir. 
   
   Hazırladı: Lalə Azəri