Mayın 14-də ölkəmizin Türkiyədəki səfirliyi tərəfindən Ankaradakı Heydər Əliyev Parkında Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100 illiyi münasibətilə təntənəli mərasim təşkil edildi. Mərasimdə iki qardaş ölkənin rəsmiləri, diplomatlar, deputatlar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra ölkəmizin Ankaradakı səfiri Xəzər İbrahim çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin, o cümlədən Silahlı Qüvvələrimizin yaranma tarixindən danışdı.
Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirdi ki, müstəqilliyimizin dünyada tanınması və ordu quruculuğu sahəsində nailiyyətlər Cümhuriyyət hökumətinin əldə etdiyi ən böyük tarixi uğurlardandır. O, 1918-ci ilin 15 sentyabrında Bakının erməni-daşnak işğalından azad olunmasında tarixi rol oynamış Qafqaz İslam Ordusunun Silahlı Qüvvələrimizin formalaşmasına və Azərbaycanın istiqlalına verdiyi dəstəyi minnətdarlıqla xatırladı.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman çıxışında vurğuladı ki, Ankaranın gözəl bir guşəsində yaradılan Heydər Əliyev Parkı Türkiyə dövlətinin və xalqının ulu öndərə dərin ehtiramının göstəricisidir. O, Nuru Paşanın komandanlığı ilə Azərbaycan xalqının köməyinə çatan Qafqaz İslam Ordusunun rəşadətli qələbəsini nəsillərə örnək olan qardaşlıq nümunəsi kimi dəyərləndirdi.
Tədbirdə digər çıxış edənlər də Qafqaz İslam Ordusunun tarixi missiyasını Azərbaycan və Türkiyə xalqlarının qürur mənbəyi olduğunu vurğuladılar.
Mərasimin rəsmi hissəsindən sonra konsert proqramı təqdim olundu.
Konsertdə Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımova məlahətli ifaları ilə bayram tədbirinin iştirakçılarına xoş ovqat bəxş etdilər. Azərbaycan muğamının sədaları Heydər Əliyev Parkında yaşanan bayram əhval-ruhiyyəsinə xüsusi rəng qatdı. Natiq Şirinovun rəhbərlik etdiyi ritm qrupunun ifası da maraqla qarşılandı.
Əməkdar artist Turan Manafzadənin dirijorluğu ilə orkestrin çıxışı və Xalq artisti Azərinin ifası alqışlar doğurdu. İştirakçıların möhtəşəm “Yallı”sı isə konsert proqramının ən yaddaqalan məqamlarından biri oldu.
İştirakçılar Heydər Əliyev Parkında Azərbaycanın zəngin tarixi, mədəniyyəti, müasir ordusunun gücü, ölkənin sosial-iqtisadi inkişafını əks etdirən fotosərgi ilə tanış oldular.
Heydər Əliyev Parkında quraşdırılmış böyük ekranda Azərbaycanın müasir həyatından, reallaşdırılan nəhəng iqtisadi layihələrdən, o cümlədən Azərbaycan-Türkiyə qardaşlığından bəhs edən videoçarx nümayiş olunurdu. Təntənəli mərasim atəşfəşanlıqla başa çatdı.