Mayın 14-də Bakıdakı “1969” qalereyasında Azərbaycan Fotoqraflar Birliyinin (AFB) 20 illik fəaliyyətinə həsr olunan sərginin açılış mərasimi keçirildi.
“Beynəlxalq foto günləri - 2018” adlı fotosərgi Mədəniyyət Nazirliyi, “Art Faktor” şirkəti və Şimali Kipr Türk Cümhuriyyətinin Bakı nümayəndəliyinin təşkilati dəstəyi ilə reallaşıb.
AFB-nin İdarə heyətinin sədr müavini Rauf Umudov çıxış edərək tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, mayın 16-dək davam edəcək sərgidə Beynəlxalq foto günlərində qalib gəlmiş xarici ölkələrdən və Azərbaycandan olan fotoqrafların ilk turu keçmiş əsərləri, habelə Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) qızıl mükafatını qazanmış Mehmet Gökyiğidin və Gürcüstan fotoqraflarının əsərləri nümayiş olunacaq. Sərgi çərçivəsində eyni zamanda seminar və görüşlər təşkil ediləcək.
Vurğulandı ki, fotomüsabiqəyə 57 ölkədən 383 fotoqraf öz işlərini təqdim edib. Müsabiqədə qalibləri 9 nəfərdən ibarət beynəlxalq dərəcəli münsiflər heyəti qiymətləndirib. Dörd nominasiyada 52 mükafata 27 ölkənin fotoqrafları, o cümlədən azərbaycanlı fotoqraflar layiq görülüb.
Rauf Umudov qeyd etdi ki, beynəlxalq mükafatlar mayın 15-də “Nur Art House” qalereyasında və mayın 16-da “Landmark”da təşkil ediləcək fotosərgilərin açılışında sahiblərinə təqdim olunacaq.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Ədalət Vəliyev fotosərginin əhəmiyyətini yüksək qiymətləndirdi. Qeyd etdi ki, dünyada baş verən texnoloji yeniliklər foto sənətinin daha da inkişaf etməsinə və kütləvi hal almasına zəmin yaradıb.
Nazir müavini vurğuladı ki, ölkəmizdə də foto sənəti inkişaf edib və son illər bu sahəyə maraq daha da artmaqdadır: “İnanıram ki, foto sənəti paytaxtımızın, ümumən ölkəmizin gözəlliklərinin, tarixi irsinin təbliğ edilməsinə və tanıdılmasına öz töhfəsini verəcək. Müsabiqədə qalib olan hər kəsi təbrik edir, yaradıcılıq uğurları arzulayıram”.
Sonra qonaqlar sərgi ilə tanış oldular.
Fariz Hüseynov