Mayın 11-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında paytaxtdakı 33 nömrəli uşaq musiqi məktəbi şagirdlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirildi.
Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin dəstəyi ilə baş tutan konsertin proqramını qısaca bu cür səciyyələndirmək olardı: Azərbaycandan dünyayadək.
Konsert məktəbin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblının ifasında "Çahargah rəngi" ilə başladı. İkinci çıxış edən isə balaca xanəndə üçlüyü oldu: Cəmilə Muradova, Riyad Səlimov, Xədicə Muradova ansamblın müşayiəti ilə "Heyratı" ritmik muğamını oxudular. Üçlükdən sonra səhnə duetlərə verildi. Süleyman İsmayılzadə və Nihat Əzizli klarnetdə (J.Bize: "Karmen" operasından oğlanların xoru), Şəhrizad Əsgərova və Məryəm Ağayeva fortepianoda (İ.S.Bax: h-moll ork. süitasından "Zarafat"), Murad Babayev və Elgün Həsənov tarda ifaları ilə (Q.Qarayev: "İldırımlı yollarla" baletindən "Qızların rəqsi") səhnəni paylaşdılar.
Salona toplaşmış 33 nömrəli məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, dəvətli qonaqlar, eləcə də paytaxtın digər musiqi məktəblərinin müəllimləri "Buta" nağara ansamblının, violin ansamblının fərqli və maraqlı çıxışlarını da alqışladılar.
Solo çıxış edən Gülsüm Cəfərova və Selin Manafova (violin), Zəhra Cəfərli (qanun), Rəna Hüseynli, Yusif Məmmədzadə və Aydan Nağızadə (fortepiano), vokal sinfində təhsil alan Ayşə Məmmədova və Əli Novruzov öz çıxışlarını səhvsiz, aşkar duyulmayan həyəcansız başa vurdular.
Konsertin sonunda məktəb xorunun ifasında dünyaca məşhur "Joshva fit the battle of Jericho" soulu və bəstəkar P.Axundovanın "Fəvvarələr şəhəri" (sözləri R.Heydərindir) mahnısı səsləndi.
G.Mirməmməd