Mayın 11-də Nizami Kino Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileylərinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirildi.
      Tədbirdə Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, digər rəsmilər iştirak edirdilər.
   Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı.
   “ASAN Radio”nun direktoru Emin Musəvi layihə haqqında məlumat verdi. Bildirdi ki, “Sevdiyim” layihəsi “ASAN Xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və “ASAN Radio”nun birgə təşkilatçılığı ilə reallaşıb. Layihənin məqsədi tarixi ənənələrin qorunması və təbliği, milli-mənəvi dəyərlərə sadiqlik, azərbaycançılıq, dövlətçilik məfkurəsinin genişləndirilməsidir. Layihə çərçivəsində görkəmli ədib Cəfər Cabbarlının Azərbaycan bayrağına həsr olunmuş “Sevdiyim” şeiri əsasında klip ərsəyə gəlib. Əsərin bəstəkarı və ifaçısı Əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.
   ***
   Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fuad Ələsgərov qeyd etdi ki, üçrəngli bayrağımız dövlət rəmzi kimi ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən 1918-ci il noyabrın 9-da təsdiq edilib. Cümhuriyyətin süqutundan (1920) sonra xalqımız bu bayrağı öz qəlbində yaşadıb və 70 il sonra ona bir daha sahib çıxıb. 1990-cı il noyabrın 17-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız muxtar respublikanın rəmzi olaraq təsdiq edilib: “Bu, çox cəsarətli və fədakar addım idi. Çünki o zaman Azərbaycan hələ də Sovet İttifaqının tərkibində idi. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim müstəqilliyə gedən yolumuz həmin gündən başlamışdır”.
   Fuad Ələsgərov qeyd etdi ki, ümummilli lider Heydər Əliyev üçrəngli bayrağımıza sadəcə dövlət rəmzi kimi yox, dünya azərbaycanlılarını birləşdirən simvol kimi dəyər verirdi. O deyirdi: “Kim Azərbaycanı sevirsə, Azərbaycanın müstəqil dövlət olmasını, işğal edilmiş torpaqlarının azad olunmasını, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Diqqətə çatdırıldı ki, 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Dövlət bayrağı haqqında” Qanun qəbul edərək üçrəngli bayrağı dövlət rəmzi elan edib. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur. Prezidentin 2007-ci il 17 noyabr tarixli sərəncamına əsasən Bakıda Dövlət Bayrağı meydanının yaradılması milli rəmzimizə ehtiramın daha bir nümunəsidir.
   Fuad Ələsgərov bildirdi ki, Azərbaycan üçrəngli bayrağın altında müstəqil inkişaf yolunu davam etdirir. Prezident İlham Əliyevin söylədiyi kimi, Xalq Cümhuriyyətinin qurucuları Azərbaycanı görsəydilər, fəxr edərdilər. Bu gün üçrəngli bayrağımız BMT-nin binası önündə, digər nüfuzlu beynəlxalq təşkilatlarda dalğalanır.
   Prezidentin köməkçisi daha sonra dedi: “Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində üçrəngli bayrağımızı düşməndən azad edilmiş torpaqlarda ucaltdı. Əminik ki, çox yaxın zamanlarda, Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının sözləri ilə desək, “yaşıl donlu, mavi gözlü, al yanaqlı” bayrağımız Şuşada, bütün Qarabağda dalğalanacaq”.
   Fuad Ələsgərov layihənin ərsəyə gəlməsində əməyi olan bütün yaradıcı heyətə təşəkkürünü bildirdi.
   ***
   Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək layihənin əhəmiyyətini yüksək qiymətləndirdi. Bu günlər dünya azərbaycanlılarının ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyini geniş şəkildə qeyd etdiyini söyləyən nazir ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında müstəsna xidmətlərindən bəhs etdi. Vurğuladı ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində gedən prosesdə Heydər Əliyev dahi şəxsiyyət, lider olaraq xalqımızın taleyinə təsir göstərən tarixi addımlar atıb: “Ümummilli lider Azərbaycanı məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Onun Azərbaycana rəhbərliyinin hər iki dövründə gördüyü misilsiz işlər heç vaxt unudulmayacaq. Ulu öndər dövlət rəmzlərini, xüsusən, dövlət bayrağını həmişə diqqət mərkəzində saxlayıb. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu. Bu gün Heydər Əliyevin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət, irəli sürdüyü hər bir təşəbbüs ölkəmizi daha da inkişaf etdirir, daha parlaq gələcəyə aparır”.
   ***
   Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, 2018-ci il ölkəmizin ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngindir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin, ordumuzun, parlamentimizin 100 illik yubileyləri belə mühüm tədbirlərdəndir. Azərbaycan son 100 ildə çox çətin tarixi proseslərdən keçsə də, hazırda öz tarixinin ən şanlı səhifələrini yaşayır: “Ümummilli liderimizin uzaqgörənliyi, müdrikliyi və əzmkarlığı nəticəsində Azərbaycanın müstəqilliyi əbədi və sarsılmaz olub. Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycanın müstəqil olmasına yönəlmişdi. Ulu öndər gənclərin milli ruhda böyüməsi, onlara vətənpərvərlik hislərinin aşılanması məsələsini daim diqqətdə saxlayırdı”.
   Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədri Ülvi Mehdiyev qeyd etdi ki, ulu öndərin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi önəmli hadisələrdir. Bu gün Heydər Əliyev və Xalq Cümhuriyyətini birləşdirən bir çox məqamlar var. Bu məqamlardan ən əsası isə Azərbaycan bayrağıdır. Cümhuriyyətin süqutu ilə üçrəngli bayrağımız endirilsə də, ulu öndər Heydər Əliyev əsrin sonunda bayrağımızı yenidən ucaltdı.
   ***
   Çıxışlardan sonra C.Cabbarlının “Sevdiyim” şeiri əsasında yüzillik tariximizin əks olunduğu klip təqdim olundu.
   Əməkdar artist Tünzalə Ağayeva kliplə bağlı təəssüratlarını bölüşdü: “Biz xoşbəxt xalqıq ki, istiqlalımızın 100 yaşını qeyd edirik. 95 illiyini qeyd etdiyimiz ümummilli liderin əziz xatirəsi həmişə qəlbimizdədir və onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri bizə ruh verir”.
   Klipin rejissoru Ülviyyə Könül belə mühüm bir layihədə iştirak etməkdən qürur duyduğunu bildirdi.
   Tədbir konsert proqramı ilə başa çatdı.
   
   Fariz Hüseynov