Mayın 14-də R.Behbudov adına Dövlət Mahnı Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə ustad aşıq Məhəmməd Şıxlının (Dərya Məhəmməd) anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
Gecənin aparıcısı - ədəbiyyatşünas və jurnalist Məti Osmanoğlu ustad aşığın həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, bu gün el arasında daha çox Dərya Məhəmməd kimi tanınan Məhəmməd Şıxlıdan danışanda ilk yada düşən “Yurd yeri” havası olur və təsadüfi deyil ki, bu gün aşıq Məhəmmədin keçdiyi sənət yolu Azərbaycan aşıq sənətkarlığının “yurd yeri”nə çevrilib.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor, Əməkdar elm xadimi Məhərrəm Qasımlı çıxış edərək Məhəmməd Şıxlının XX əsr Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərindən, dövrünün bir çox ustad sənətkarları ilə yaradıcılıq və dostluq əlaqələrindən danışıb: “Aşıq sənətində elə sənətkarlar var ki, onların söz yükü yadda qalır. Dərya Məhəmməd o kişilərdən idi. Onun özünəməxsus oxumaq tərzi var idi. Çalğısı da bənzərsiz idi”.
Akademik Teymur Bünyadov, AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsal Məhəmməd Şıxlının sənətkar kimi özünəməxsusluğundan söz açıblar.
Gecənin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupu “Şirvan müxəmməsi”, Avdı Musayev “Yurd yeri”, Əməkdar mədəniyyət işçisi Əhliman Şirvanlı “Gözəlləmə” və digər aşıq mahnıları ifa olunub.
Sonda ustad aşığın qızı Gülarə Qocayeva ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.