Dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyi Parisdə qeyd edilib
   Görkəmli bəstəkar, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 100 illik yubileyi UNESCO-nun və bu qurum yanında Azərbaycan daimi nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında təntənə ilə qeyd edilib.
   
   Tədbirdə Azərbaycanın xarici işlər və mədəniyyət nazirləri Elmar Məmmədyarov və Əbülfəs Qarayev, görkəmli bəstəkarın qızı Züleyxa Qarayeva, Parisdə akkreditə olunan diplomatik korpusun, Fransa ictimaiyyətinin təmsilçiləri, xarici ölkələrin UNESCO yanında daimi nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.
   Tədbir çərçivəsində böyük bəstəkarın həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi təşkil edilib. İştirakçılar sərgi vasitəsilə dahi musiqiçinin yaradıcılığı ilə tanış olublar. Qara Qarayevin ömür və sənət yolundan bəhs edən jurnal və əsərlərindən ibarət disklər iştirakçılara hədiyyə edilib.
   Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov tədbirdə çıxış edərək Qara Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib, onun Azərbaycan xalq musiqisindən ilhamlandığını vurğulayıb. Bildirib ki, yaradıcılığı boyu ayrı-ayrı klassiklərin, xüsusilə Nizaminin və Füzulinin əsərlərinə müraciət edən bəstəkar “Leyli və Məcnun” simfonik poemasını, “Yeddi gözəl” baletini yazıb. Azərbaycan xalq musiqisinin əsaslarını Üzeyir Hacıbəylidən öyrənən Qara Qarayev sonralar Dmitri Şostakoviçin sinfində təhsil alıb.
   Vurğulanıb ki, müxtəlif janrlarda 100-dən çox əsər yazan bəstəkar milli musiqi tariximizdə dərin iz qoyub, eyni zamanda dünya musiqi xəzinəsinə sənət inciləri bəxş edib. Bildirilib ki, ölkəmizdə görkəmli musiqi xadiminin xatirəsi əbədiləşdirilib, Azərbaycan Prezidentinin sərəncamına əsasən bu il 100 illiyi geniş şəkildə qeyd edilir.
   UNESCO baş direktorunun kommunikasiya və informasiya üzrə müavini Moez Şakşuk çıxışında Qara Qarayevin əsərlərinin xüsusiyyətlərindən danışıb. O, Qara Qarayev musiqisinin xalqlar arasında dialoqun qurulmasına təkan verdiyini, keçmişdən gələcəyə gedən yolu əks etdirdiyini vurğulayıb.
   Yubiley tədbiri bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.
   Fuad İbrahimovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri böyük musiqiçinin əsərlərini səsləndirib. Orkestrin müşayiəti ilə Fərhad Bədəlbəyli, Murad Hüseynov, Vurğun Vəkilov və Cəmil Sədizadənin fortepianoda, Elvin Xoca Qəniyevin skripkada virtuoz ifası gecəni rövnəqləndirib.
   Konsert salonundakı böyük ekranda Qara Qarayevin yaradıcılığını əks etdirən, o cümlədən “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” əsərlərindən fraqmentlər göstərilib.
   Dahi bəstəkarın möhtəşəm musiqisi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.