Züleyxa Qarayeva: “Arzu edirəm ki, ölkəmiz həmişə belə çiçəklənsin və inkişaf etsin”
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Atam Qara Qarayevin anadan olmasının 100 illik yubileyi Prezidentin imzaladığı sərəncama əsasən ölkəmizdə və onun hüdudlarından kənarda geniş qeyd edilir. Prezidentimiz ölkəmizin mədəniyyət və incəsənət həyatı ilə yaxından maraqlanır və bu sahəyə xüsusi diqqət göstərir. Arzu edirəm ki, dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmiz həmişə belə çiçəklənsin və inkişaf etsin.
Bu fikri Qara Qarayevin anadan olmasının 100 illik yubileyi münasibətilə UNESCO-nun mənzil-qərargahında keçirilən təntənəli tədbirdə iştirak edən böyük bəstəkarın qızı Züleyxa Qarayeva AZƏRTAC-a müsahibəsində deyib.
“Bu tədbir mənim üçün böyük əhəmiyyət kəsb edir. Çünki bugünkü tədbir atamın adı ilə bağlıdır. Atamın anadan olmasının 100 illik yubileyi UNESCO-nun mənzil-qərargahında qeyd edilir. Qara Qarayevin yubileyi İstanbulda, Moskvada təntənəli şəkildə qeyd olunub. Bu gün isə Parisdə yubiley mərasimi keçirilir. Bu tədbirin təşkilində əməyi olan şəxslərin hər birinə təşəkkür edirəm”, - deyə Züleyxa Qarayeva söyləyib.
Gürcüstanın Fransada və UNESCO yanında səfiri Ekaterina Siradze-Dölone müsahibəsində deyib: “Azərbaycanın Xarici İşlər və Mədəniyyət nazirliklərinə, eləcə də UNESCO yanında daimi nümayəndəliyinə təşəkkür edirəm. Çox gözəl və qeyri-adi konsert idi. Belə bir konsertin təşkili asan deyil. Musiqi və eyni zamanda, ekranda onun video ilə müşayiət olunması xarici tamaşaçılara bəstəkarı yaxından tanımağa imkan verir. Təəssüf ki, Avropa tamaşaçısı böyük bəstəkarlarımızı hələ yaxından tanımır. Mən gürcüyəm və gürcü bəstəkarları da hələ yaxşı tanınmır. Ancaq belə təşkilatçılıq onların Avropada daha da yaxından tanınmasında böyük rol oynayır”.