Mayın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin hesabat konserti keçirildi. Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, nazirliyin nümayəndələri, paytaxtın musiqi və incəsənət məktəblərinin direktorları iştirak edirdilər.
   Konsertdən öncə məktəbin müəllimi, musiqişünas Leyla Həsənova çıxış edərək tədris ocağının 2017-2018-ci dərs ilində uğurlarından, məktəbin istedadlı şagirdlərinin bir çox respublika və beynəlxalq müsabiqələrdə yüksək yerlərə layiq görülməsindən danışdı. Vurğulandı ki, məktəbin budəfəki sənət hesabatı əlamətdar yubileylərə - ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə, eləcə də görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə təsadüf edir. O da diqqətə çatdırıldı ki, bu il Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin 80 illik yubileyi münasibətilə müsabiqə keçirilib. Həmin müsabiqədə mükafatlar alan istedadlı şagirdlər də bugünkü konsertdə çıxış edəcəklər. 
   Sonra Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin - respublika və beynəlxalq müsabiqələr laureatları, Prezident təqaüdçüləri olan istedadlı gənclərin ifasında konsert proqramı təqdim olundu.
   Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Rauf Abdullayev) müşayiəti ilə Hacı Xanməmmədovun, Aleksandr Qedikanın, Domeniko Çimarozanın, Frederik Şopenin, Fikrət Əmirov və başqa bəstəkarların musiqiləri səsləndirildi. 
   Konsert zamanı məktəbin ustası Oqtay Hüseynov tərəfindən hazırlanmış yeni skripka alətinin ilk təqdimatı oldu və bu alətdə məktəbin şagirdi, Prezident təqaüdçüsü Zərrin Əliyeva Y.Sibeliusun 鉄kripka konserti"ni ifa etdi.
   Çıxışlar alqışlarla qarşılandı. 
   
   Savalan Fərəcov