Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Baletmeyster sənəti, Klassik rəqs və Milli rəqs kafedralarının təşkilatçılığı ilə "Simfonik muğamların balet tamaşalarında təcəssümü" adlı elmi seminar keçirilib.
BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova seminarı açaraq qeyd edib ki, əsrlərdən bəri nəsildən-nəslə keçən Azərbaycan muğam sənəti bu gün inkişafının ən yüksək mərhələsini yaşayır. O, bildirib ki, gələcəyimiz olan gənc nəslə bu sərvəti layiqincə çatdırmalıyıq.
Daha sonra BXA-nın konsertmeyster və pedaqoqu Nigar Mirzəyeva "Muğam - ilahi qüvvənin mənbəyi kimi", Əməkdar artist Eteri Cəfərova "Rast", "Şur", "Şüştər" muğamları üzərindəki "Səməni", "Sarı gəlin", "Uzundərə", "Tərəkəmə" rəqsləri", Klassik rəqs kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi Mayra Almaszadə "Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Şah İsmayıl" operalarında muğam təməlləri", Baletmeyster sənəti kafedrasının müdiri, professor L.Həsənova "Fikrət Əmirovun "Şur" simfonik muğamının xoreoqrafik həlli" və başqaları məruzələrlə çıxış ediblər.