Mayın 16-da Milli İncəsənət Muzeyində Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi Bayram Hacızadənin 50 illiyinə həsr edilmiş fərdi sərgisinin açılış mərasimi keçirildi.
Mədəniyyət Nazirliyi, Milli İncəsənət Muzeyi (MİM) və Azərbaycan Rəssamlar İttifaqının (ARİ) birgə təşkilatçılığı ilə gerçəkləşən tədbiri professor Çingiz Fərzəliyev açaraq sərgi haqqında bilgi verdi.
Mədəniyyət nazirinin müavini Ədalət Vəliyev yubilyarı təbrik edərək onun həm karikatura sahəsində yaradıcılığından, həm də elmi fəaliyyətindən, araşdırmalarından söz açdı. B.Hacızadənin karikatura tarixinin öyrənilməsi sahəsində gördüyü işlərdən, nəşr etdirdiyi kitablardan, beynəlxalq müsabiqələrdə qazandığı uğurlardan bəhs edən nazir müavini ona yeni yaradıcılıq uğurları dilədi.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssamın həyat və yaradıcılığı haqqında danışdı.
Xalq rəssamı Arif Hüseynov, Əməkdar incəsənət xadimi Arif Əziz yubilyar haqqında ürək sözlərini sənətsevərlərlə bölüşdülər.
Rəssamlar İttifaqının rəhbərliyi adından rəssama ünvanlanmış təbrik məktubu oxundu.
Sonda B.Hacızadə onun yaradıcılığına dəyər verərək sərgiyə gələn hər kəsə təşəkkürünü bildirdi.
Sərgi çərçivəsində B.Hacızadənin müəllifi olduğu 適irpi"nin rəssamları" adlı kitabın da təqdimatı keçirildi. Üç cilddən ibarət kitabda 1952-1991-ci illərdə "Kirpi" satirik jurnalı ilə əməkdaşlıq edən rəssamların, karikatura ustalarının yaradıcılığı haqqında məlumatlar və əsərləri yer alıb.
Bildirək ki, sərgidə rəssamın yaradıcılığının 30 ilini əhatə edən, dövri mətbuatda dərc olunan müxtəlif mövzulu karikaturalar, beynəlxalq müsabiqələrdə mükafat almış əsərləri, eləcə də M.Ə.Sabirin "Hophopnamə"sinə çəkdiyi illüstrasiyaları və başqa mövzulu karikaturaları nümayiş etdirilir.
Sərgi mayın 20-dək davam edəcək.
S.Qaliboğlu