Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun "Cümhuriyyət tariximiz qürurumuzdur" layihəsi çərçivəsində mayın 17-də Beynəlxalq Mətbuat Mərkəzində "ARB Aranfilm"in ərsəyə gətirdiyi "Gizli istiqlalçılar" sənədli filminin təqdimatı keçirilib.
Fondun icraçı direktoru Oktay Səmədov bildirib ki, "Mədəni maarifləndirmə" proqramı çərçivəsində yaradılmış "Kinoklub" elmi-kütləvi, sənədli filmlər vasitəsilə gənc nəslin maarifləndirilməsinə xidmət edir. Klubun ilk toplantısında nümayiş etdirilən "Gizli istiqlalçılar" sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dəyərli töhfədir.
"ARB Aranfilm" yaradıcılıq mərkəzinin bədii rəhbəri Tahir Tahiroviç ekran əsəri barədə məlumat verib. Qeyd edib ki, filmdə Azərbaycanda sovet hakimiyyətinin ilk illərində "Sol Müsavat Firqəsi"nin qərarı ilə Bakıda gizli çap edilən "İstiqlal" qəzeti haqqında maraqlı faktlar əks olunub.
Filmin ideya müəllifi professor Qulu Məhərrəmli Cümhuriyyət tariximizin öyrənilməsində və təbliğində bu cür sənədli filmlərin rolundan bəhs edib.
Film professor Asif Rüstəmlinin tədqiqatları əsasında çəkilib. Ssenari müəllifi və rejissoru Babək Abbaszadə, operatoru Əminə Həsənli, icraçı prodüseri Nicat Məmmədov, prodüseri İqbal Məmmədəliyevdir.