Mayın 15-də Beynəlxalq Muğam Mərkəzində “Sürət və cürət" adlı etüd müsabiqəsinin qala-konserti keçirilib. Tədbir Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Yeni nəsil dəvət edir" birgə layihəsi çərçivəsində reallaşıb. 
   Konsertdən əvvəl çıxış edən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı, professor Ceyran Mahmudova müsabiqənin məqsədi və əhəmiyyəti haqqında danışıb. Bildirib ki, universitetin tələbələri arasında iki turdan ibarət olan müsabiqə fortepiano, simli və nəfəsli alətlər ixtisasları üzrə vərdişlərin təkmilləşməsinə və püxtələşməsinə xidmət edir. 
   Sonra qaliblərin adları açıqlanıb. "Sürət və cürət" etüd müsabiqəsində III yerə Nigar Hüseynova, Gülnar Axundova, Zaur Məmmədov, II yerə Nurlan Abdullazadə, Günel Fərzəliyeva, Elməddin İbrahimov, I yerə Züleyxa Şıxıyeva, Pərvin Paşazadə layiq görülüb. Qran-pri mükafatını Ramiz Sevdiməliyev qazanıb. 
   Gecə qalib və laureatların ifasında F.Şopenin, S.Raxmaninovun, Q.Qarayevin, F.Əmirovun, A.Məlikovun, K.Çerninin, A.Əliyevin, A.Skyrabinin əsərlərindən ibarət konsert proqramı ilə davam edib. 
   L.Azəri