Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və İstanbul Maltəpə Bələdiyyəsinin təşkilatçılığı ilə "Azərbaycan Xalq Cümhuriyyəti - 100 il" parkının açılışı olub. Mərasimdə Maltəpə Bələdiyyəsinin sədri Ali Kılıç, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev çıxış ediblər.
Uzun illər Almaniyada fəaliyyət göstərən türk icmalarına rəhbərlik etdiyini, eləcə də Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlığını xatırlayan A.Kılıç bildirib ki, parka "Azərbaycan Xalq Cümhuriyyəti - 100 il" adının verilməsi Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətinin bəhrəsidir.
Böyük ərazini əhatə edən, zəngin yaşıllığı ilə gözoxşayan parkda bütün yaş qruplarından olan insanların istirahəti üçün hər cür şərait yaradılıb. Burada 2 uşaq meydançası, basketbol, voleybol meydançası və 2 tennis kortu, geniş qaçış zolağı var.
Sonra Türkiyədəki azərbaycanlı rəssamların sərgisi və həmin əsərlərdən ibarət kataloqun təqdimatı keçirilib. Mərasimdə Azərbaycanın Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev və Maltəpə Bələdiyyəsinin başqanı A.Kılıç çıxış ediblər. Sərgi on gün davam edəcək.
Həmin gün Türkan Saylan Mədəniyyət Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100, ümummilli lider Heydər Əliyevin 95 illik yubileylərinə həsr edilən konfrans keçirilib. Konfransda professor Aygün Əttar və Milli Məclisin deputatı Musa Qasımlının çıxışları dinlənilib. Onlar Azərbaycan Xalq Cümhuriyyətinin təsis edilməsi, dünyada tanınması, o cümlədən Osmanlı dövləti ilə münasibətləri, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin qorunması və inkişafı istiqamətindəki tarixi fəaliyyəti barədə danışıblar.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyəti qurucularının həyatda olan varisləri Feyzavər Turan Alpsar (Əli bəy Hüseynzadənin qızı), Leyla Keykurun (Xoyski) (Cavad xanın nəticəsi, Nağı bəy Şeyxzamanlının gəlini, Adil xan Ziyadxanovun nəvəsi, Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın nəvəsi), Kərim Mehmetzadə (Fətəli xan Xoyskinin qardaşı general Hüseynqulu xanın nəvəsi), Gülnarə Kürdəmir (Əlimərdan bəy Topçubaşovun nəvəsi), Nazan Ölçer (professor Əhməd Cəfəroğlunun qızı, Sabancı muzeyinin direktoru), İbrahim Yıldırım (Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Mustafa Vəkiloğlunun qohumu), Cəmilə Hüseynzadə, Arzu Enver Eroğan, o cümlədən Turhan Turqut (İrəvan xanı Rəvan xanın nəvəsi) və Timsal Qarabəkir (Kazım Qarabəkir Paşanın qızı) və Ali Zeynel Revanoğlu Diasporla İş üzrə Dövlət Komitəsinin fəxri fərmanı ilə təltif ediliblər.