Yüz il bundan əvvəl Azərbaycanda Xalq Cümhuriyyətinin elan olunması ölkədə bütün sahələr kimi təsviri və tətbiqi sənətin də yeni axarda inkişaf edəcəyinə böyük ümidlər yaratmışdı. Cümhuriyyət Parlamentinin 1919-cu ilin 1 sentyabrında yüz azərbaycanlı gəncin hökumət hesabına xarici ölkələrin nüfuzlu təhsil ocaqlarına göndərilməsi barədə qəbul etdiyi qərar da, heç şübhəsiz, yenicə müstəqillik əldə etmiş ölkədə bütün sahələri yüksəkixtisaslı mütəxəssislərlə təmin etmək istəyindən irəli gəlmişdi. M.Ə.Rəsulzadənin sədrliyi ilə yaradılan münsiflər heyətinin seçdiyi namizədlər arasında İtaliyada heykəltəraşlıq ixtisasına yiyələnəcək Zeynalabdin Əliyev adlı gənc də vardı... 
 Cəmisi iyirmi üç ay müstəqil olmuş Azərbaycanın bolşevik Rusiyasının XI Qızıl Ordusu tərəfindən işğalı hər şeyi, o cümlədən də gözəlliklə dünyanın xilas olunacağına böyük ümid bəsləyənlərin arzularını ürəklərində qoydu. Başqa sözlə desək, uzaq İtaliyada Zeynalabdin Əliyevin, Türkiyədə İbrahim Səfi ilə Əkbər Kazımın, Naxçıvanda Bəhruz bəy Kəngərlinin, Bakıda isə Əzim Əzimzadənin və digər neçə-neçə gözəllik aşiqinin yaradıcılıq arzularının gerçəkləşməsi müəmmalara bələndi...
   Amma rəssam olmaq niyyəti ilə Bakının varlılarına üz tutub maddi dəstək istəyən gənc Əzimzadəyə "Bala, ağlını yığ başına, get özünə sənət tap. Bizə mühəndis lazımdır, şəkil çəkən lazım deyil" cavabının verilməsi onu tutduğu yoldan çəkindirməyib. Onun bu sənətin dalınca getmək səylərinə mənəvi dəstək verən yalnız "xozeyin"i Ağabala Quliyevin imarətini bəzəyən, 1900-cü il Ümumdünya (Paris) sərgisindəki guşəsində göstərilmək üçün dəyirman tarixinə aid tablolar çəkən rus rəssamı Durov olmuşdu. Ancaq o zaman gənc Əzimdə böyük istedadın işartılarını görən Durov da gələcək rəssamın təhsil alması üçün bir şey edə bilməmişdi. Rus rəssamı Əzimi ona köməkçi verməyi A.Quliyevdən xahiş edəndə müsbət cavab almamış, sahibkar üzünü Əzimə çevirərək "Sən müsürman balasısan, ağlını başına yığ, burda fikrini ticarətə ver, adam ol. Rəssamlıq nədir? Ata-baban şəkil çəkib? O, daim məsti-layəqəl sərsəridir..." sözlərini söyləmişdi. Bununla belə, Əzim Əzimzadə qısa zamanda özünü təsdiqləyə bildi və onun "İrşad"ın müştərisi" əsərinin yenicə nəşrə başlamış "Molla Nəsrəddin" jurnalının 7-ci sayında çap olunması da bunun ilk işartısı oldu. 
   Düşünürük ki, rəssamın kifayət qədər təzadlarla dolu olan həyatının Xalq Cümhuriyyəti dövrünü izləməklə onun daşıdığı yaradıcı missiyanın reallaşdırılmasının elə də asan olmadığına əmin olmaq mümkündür. Cümhuriyyət dövründə təsviri sənətin müxtəlif janrlarına müraciət edən rəssam uzaq-yaxın keçmişimizi, mövcud siyasi olayları, gündəlik həyatda müşahidə etdiyi əyintiləri və təbiət motivlərini əks etdirən maraqlı qrafik əsərlər yaratmışdır. O, keçmişə müraciətlə "Azərbaycan xalqının dünəni və bu günü", "Azərbaycan kəndliləri XIX əsrin axırlarında", "Əmək haqqının verilməsi", "Fəhlə nümayəndələrinin neft sənayeçilərindən tələbi", "Keçmişə nəzər", "Keçmiş əsrin tipajları və məişət əşyaları" lövhələrini yaratmışdır. Həmçinin müşahidə etdiyi siyasi proseslərin əksi olan "Müsavat hökumətinin iclası", "Təxribatçı", "Rusiya müsəlman partiyası" və "Müsavat partiyası" əsərlərini, eləcə də "Fatmayı. Baxımsız bağ" və "Bağda" kimi mənzərələrini çəkmiş, Bakıda nəşr olunan müxtəlif jurnallarla əməkdaşlıq etmiş, bir neçə teatr tamaşasının bədii tərtibatına töhfə vermişdir. 
   Azərbaycan təsviri sənətində realist ənənələrin inkişafında duyulası xidmətləri olmuş Bəhruz bəy Kəngərli (1892-1922) də Xalq Cümhuriyyətinin onun yaradıcılıq imkanlarının reallaşmasına hər cür dəstək verəcəyinə inamlı idi. Odur ki, gördüklərini inandırıcı və yaddaqalan tutumda əbədiləşdirməyə səy göstərirdi. Rəssamın mənfur erməni xislətini ifşa edən "Qaçqınlar" silsiləsinin bir çox əsərləri də məhz Xalq Cümhuriyyətinin hakimiyyəti dövründə işlənmişdi. Əgər “Qaçqın xanım", "Papaqlı oğlan" və “Oğlan portreti"ndə biz erməni təcavüzünün izlərini görürüksə, “Mənzərə", “Evin görünüşü", "Dağ mənzərəsi", “Türbə", "Naxçıvanda Nuhun türbəsi", "Qarlı dağlar" və “Naxçıvanda məscid" əsərlərində doğma yurdun gözəllikləri, “Şirniyyatçı Kərbəlayı Heydərin portreti", “Mirzə Heydər Nəsirbəyovun portreti", "Qız portreti", “Qoca kişinin portreti" və "Kişi portreti" lövhələrində isə müasirlərinin obrazları səciyyəvi cizgilərlə bədii təcəssümünü tapmışdır.
   Avropaya oxumağa göndərilmiş Zeynalabdin Əliyev (1894-1950) xaricə getməmişdən əvvəl rəssamlıq sahəsində heç bir ixtisas təhsili almadan müstəqil respublikanın ilk medallarını və poçt markalarını yaratmaqla öz istedadını sərgiləmişdi. Gənc heykəltəraşın təhsilə başlamasından az sonra Cümhuriyyətin süqutu onun maddi durumunu kəskin şəkildə pisləşdirir. Respublikanın sovetləşməsindən sonra dövlət qayğısından məhrum olan Z.Əliyev çətinliklə də olsa, təhsilini davam etdirir. O, İtaliyada - "Accademia di Belle Arti"də təhsilini tamamlamış və "heykəltəraşlıq professoru" diplomu almışdır. Təhsil sonrası çox qısa bir müddətdə İtaliyada tanınmış heykəltəraşlardan birinə çevrilir. Onun sifarişləri durmadan artır və burada fərdi sərgisini də təşkil edir. Rəssamın mühacirətdəki yaradıcılığı barədə tam məlumatımız olmasa da, bəzi əsərlərinin fotosunu əldə etmək mümkün olmuşdur.
   Azərbaycanlı heykəltəraşa öz portretinin hazırlanmasını sifariş verənlərin sırasında tanınmış opera müğənnisi və rejissoru Sigizmund Zalevski də olub. Əvvəllər Sankt-Peterburq İmperator Teatrında, sonra isə məşhur "La Skala" teatrında çalışan sənətkarın portretini Z.Əliyev naturadan işləmişdir. C.Hacıbəylinin arxivində saxlanılan bir fotoda onun heykəltəraşın emalatxanasında baş tutan yaradıcılıq prosesində iştirak etdiyini görmək mümkündür. Bədii həllində realist yapma üsuluna üstünlük verilən bu portretdə opera müğənnisinin çox inandırıcı obrazı yaradılmışdır. 
   Gənc tişə ustasının işlədiyi digər əsər isə dünya şöhrətli alman bəstəkarı Lüdviq van Bethovenin portretidir. Dahi musiqiçini gənclik çağında - həyatının təzadlı hadisələrlə dolu dövründə təsvir edən heykəltəraş bəstəkarın naməlum istiqamətə zillənmiş baxışlarında yaradıcı qayğılarını yaddaqalan tutumda bədiiləşdirməyə nail olmuşdur. Onun real bədii şərhin hakim olduğu "Tələbə Q.Mesxinin portreti" əsərində də Xalq Cümhuriyyətinin ilk professional heykəltəraşının zəngin bədii ənənələrə malik İtaliya plastika sənətinə dərindən bələdliyi duyulur.
   Naxçıvanda dünyaya göz açan və Kiyevdə ixtisas təhsili alan İbrahim Səfinin (1898-1983) qürbət həyatı Türkiyədə keçib, elə orada da dünyasını dəyişib. O, Türkiyənin sayılan rəssamlarından olub, müxtəlif illərdə ölkənin ən iri şəhərlərində təşkil olunan fərdi sərgiləri, muzeylərin və kolleksiyaçıların onun yaradıcılığına sonsuz maraq göstərmələri, haqqında çəkilən filmlər və digər çoxsaylı reklamlar buna sübutdur. Ölkəmizdə İ.Səfinin on bir əsəri var. İkisini Azərbaycan Milli İncəsənət Muzeyinə rəssamın Bakıda yaşayan yaxın qohumları təqdim ediblər. Qalanları isə vaxtilə mərhum professor Abbas Zamanovun köməkliyi sayəsində Azərbaycana gətirilib və hazırda N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılır. Onlarla tanışlıq göstərir ki, rəssamın yaradıcılığında əsasən real bədii ifadə ənənələri mövcuddur. Bəzi mənzərələrin və natürmortların şəffaf, şux koloriti, gözoxşayan rəng keçidləri onu haradasa fransız impressionistlərinə yaxınlaşdırsa da, onun rənglərində ovqat yaradıcı təzadlar daha çoxdur. 
   İndiki Şərur rayonunda, Cəlilkənddə dünyaya göz açan Əkbər Kazım (1890-1979) isə əvvəlcə İrəvan gimnaziyasında oxumuş, sonra təhsilini Kiyev və Moskva universitetlərinin hüquq fakültələrində davam etdirmişdir. Lakin o, hüquq təhsilini yarımçıq qoyur, uğurla imtahan verib Moskva Rəngkarlıq, heykəltəraşlıq və memarlıq məktəbinə qəbul olunur, burada Kazimir Maleviçdən dərs alır. 1916-cı ildə Rusiya hökuməti tərəfindən Türkiyənin Qars vilayətinin Ərdahan qəsəbəsinə işləməyə göndərilir və sonrakı taleyi də bura ilə bağlı olur. Ə.Kazım müxtəlif janrlı yüzə qədər əsər yaradıb. Çoxu şəxsi kolleksiyalarda, otuza qədəri isə oğlu Nuru bəydədir. O, 1989-cu ildə Bakıda olarkən əsərlərdən birini ("Kişi portreti") Azərbaycan Milli İncəsənət Muzeyinə bağışlayıb.  
   Fransada yazıçı kimi tanınan Ümbülbanu Əsədullayevanın bacısı Kübra xanım (1901-1985) yəqin ki, mühacirətdə yaşamış yeganə qadın rəssamımızdır. Kübra xanım rəssamlığa uşaqlıqdan həvəs göstərsə də, Bakıdan Parisə mühacirət edəndən sonra rəngkarlıqla ciddi məşğul olmağa başlayıb. Burada tanınmış fırça ustalarından dərs alıb, bir müddət "Rusiya rəssamları qrupu"nun üzvü olub. Sonra isə tanınmış rəssam Lottun təsiri ilə kubizmə meyl edərək bu yöndə böyük uğurlar qazanıb. Parisdə dünyasını dəyişən rəssam "Batikyol" qəbiristanlığında görkəmli rus müğənnisi Fyodor Şalyapinin məzarından bir qədər aralıda dəfn edilib.
   Onun əsərlərinin obrazlı şərhini kubizm cərəyanının bədii ənənələrindən qaynaqlanan prinsiplər təşkil edir. Belə əsərlərindən birində bacısı, məşhur yazıçı Ümbülbanu təsvir olunub. Təəssüf ki, Kübra xanımın digər əsərləri barədə bilgi yoxdur. Yəqin ki, onlar uzun illər ərzində yaşadığı Fransadakı dost-tanışlarında və şəxsi kolleksiyalardadır.
   Rəssamlığımızın Cümhuriyyət dövrü mənzərəsini üçrəngli bayrağımızın ideya müəllifi Əli bəy Hüseynzadəsiz (1864-1940) təsəvvür etmək qeyri-mümkündür. Əli bəy Tiflisdəki realnı məktəbdə oxuyarkən rəssamlıq vərdişlərinə yiyələnmişdi. Bu ona bütün həyatı boyu rəssamlıqla məşğul olmağa imkan vermişdi. Övladları Məhəmmədsəlim Turan və Feyzavər Alpsar da rəssamlıqda uğur qazanmışlar. Ötən il Feyzavər xanım atasının bütün irsini, o cümlədən də təsviri sənət əsərlərini Bakıdakı Azərbaycan İstiqlal Muzeyinə bağışlamışdır.
   Cümhuriyyət dövrü təsviri sənətimizin tarixinə bu qısa ekskurs göstərir ki, zamanında ideoloji basqılardan uzaq olan rəssamlarımız bu qısa müddət ərzində bir-birindən maraqlı əsərlər yaratmağa nail olmuşlar. Yüksək bədii-estetik dəyərinə görə zamansızlığa qovuşan bu əsərlərin bu gün də xatırlanması bunu təsdiqləyir.
   
   Ziyadxan Əliyev
   Əməkdar incəsənət xadimi, 
   “Sənətşünaslığın təbliği" 
   İctimai Birliyinin sədri