Azərbaycan
   
   19 may 1898 - Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 - 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub. 
   19 may 1910 - Xalq şairi, ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 - 1.4.1981) Göyçayda doğulub. "Qız qalası", "Lenin", “Qızılgül olmayaydı", "Bir gün də insan ömrüdür" poemaları, "Rənglər" şeirlər silsiləsi, "Vəfa", "Görüş" pyesləri və s. əsərlərin müəllifidir. Rus dilindən tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), kinematoqrafiya naziri (1945-1948) olub. 
   19 may 1935 - Şair və tərcüməçi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 - 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.
   20 may 1884 - Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. “Molla Nəsrəddin" jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. "Azərbaycan ədəbiyyatının qaynaqları" kitabını yazıb.
   20 may 1904 - Xalq yazıçısı Əbülhəsən (Əbülhəsən Əlibaba oğlu Ələkbərzadə; 1904-1986) Şamaxı qəzasının Basqal kəndində doğulub. "Yoxuşlar", "Müharibə", “Dostluq qalası", "Dünya qopur" və s. romanların müəllifidir.
   20 may 1907 - Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Rzayeva (1907 - 2.8.1969) Lənkəranda doğulub. 
   20 may 1923 - Dramaturq, publisist Rauf Əbdülbaqi oğlu İsmayılov (1923-1980) Bakıda doğulub. "İkinci ailə", "Son məktub" pyesləri səhnəyə qoyulub. 
   20 may 1946 - Xalq şairi, yazıçı-publisist Sabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. "Qan yaddaşı", "Ömür kitabı", "Atamın ruhu", "Xətai yurdu" və s. kitabların, "Cavad xan" filminin ssenari müəllifidir. 
   21 may 1928 - Tanınmış aktrisa, Rusiyanın Xalq artisti Tamilla Ağamirova Bakıda anadan olub. 1952-ci ildən Moskvada "Romen" teatrında çalışıb. Azərbaycanda "Onun böyük ürəyi" (Səmayə), "Koroğlu" (Alagöz), "Yenilməz batalyon" (Xavər) filmlərində çəkilib. 
  

 Dünya
   
   19 may 1762 - Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.
   19 may 1946 - İtalyan aktyoru və rejissoru Mikele Plaçido (Michele Placido) anadan olub. 80-ci illərdə "Sprut" teleserialı (komissar Kattani) ilə şöhrət qazanıb.
   20 may 1799 - Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 - 18.8.1850) anadan olub. “Bəşəri komediya" silsiləsindən “Şaqren dərisi", “Yevgenia Qrande", "Qorio ata", "Sezar Biroto", "İtirilmiş illüziyalar" və s. romanların müəllifidir. 
   20 may 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. "İvan Susanin", "Ruslan və Lyudmila" operalarının müəllifidir.
   20 may 1851 - Alman əsilli Amerika alimi, qrammofonun ixtiraçısı Emil Berliner (1851-1929) anadan olub.
   20 may 1882 - Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset, 1882-1949) anadan olub. "Kristin, Lavransın qızı" trilogiyası, "Ulav və onun uşaqları" dilogiyası və s. tarixi romanların müəllifidir.
   20 may 1923 - Cənubi Afrika Respublikasının tanınmış yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 - 13.7.2014) anadan olub.
   21 may Dünya dialoq və inkişaf naminə mədəni müxtəliflik günüdür. BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur. 
   21 may 1471 - Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer, 1471-1528) anadan olub.