Xalça Muzeyində Beynəlxalq muzeylər günü münasibətilə tədbir keçirildi
   
   18 may - Beynəlxalq muzeylər günü bu il də ölkəmizdə müxtəlif tədbirlər, mədəni aksiyalar, yeni layihələrlə qeyd edildi. Bildirək ki, UNESCO yanında Beynəlxalq Muzeylər Şurasının (İCOM) tövsiyəsi ilə bu il əlamətdar gün "Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar" mövzusuna həsr edilib. 
   Azərbaycan Xalça Muzeyində keçirilən tədbiri muzeyin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova açaraq bu günün tarixi haqqında məlumat verdi. Bildirdi ki, İCOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis olunan günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdən ibarətdir. Qeyd olundu ki, keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993-cü ildə İCOM-un Azərbaycan Milli Komitəsi təsis edilib.
   
   “Öz ilməni toxu" - 
   interaktiv instalyasiya
   
   Direktor vurğuladı ki, Xalça Muzeyi tərəfindən Beynəlxalq muzeylər günü üçün "Öz ilməni toxu" adlı interaktiv instalyasiya hazırlanıb. Muzeyin foyesində zili xovsuz xalça növünü toxumaq üçün üç böyük çərçivə-hana quraşdırılıb və ziyarətçilərə burada xalçaya ilmə vurmaq imkanı yaradılıb: "Xalça Muzeyi artıq bir neçə ildir ki, qədim xalçaçılıq texnikalarını yenidən dirçəldir. Bu aksiya ziyarətçilər üçün xovsuz xalça texnikasında ilk interaktiv təcrübədir". 
   Şirin Məlikova onu da qeyd etdi ki, 18 may Azərbaycan üçün həm də acı bir tarixdir. Ölkəmizin dilbər guşələrindən olan Laçın rayonu 1992-ci ilin bu günündə Ermənistan tərəfindən işğal edilib. Direktor əmin olduğunu bildirdi ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində işğal altındakı bütün torpaqlarımız azad ediləcək. 
   Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə muzey işinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdı. Vurğulandı ki, Azərbaycanda muzey işinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Xalqımızın tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini həssaslıqla duyan ulu öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini, maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlayıb. 
   
   Muzeylər mənəvi dəyərləri toplayır, 
   qoruyur və təbliğ edir
   
   Qeyd olundu ki, son illər bu sahənin inkişafı ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalanıb, muzeylər yeni binalarla təmin edilib, ekspozisiyaları yenilənib. Bu layihələrin həyata keçirilməsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva böyük dəstək göstərir: "Muzeylər mənəvi dəyərləri toplayır, qoruyur və təbliğ edir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımından çox vacibdir. İndi muzeylərimiz günün müasir tələblərinə uyğun, beynəlxalq təcrübədən daha fəal yararlanaraq öz işlərini daha da gücləndirməli, ölkəmizin zəngin mədəni irsinin tanıdılmasına öz töhfələrini verməlidirlər". 
   Əbülfəs Qarayev çıxışının sonunda bir daha Beynəlxalq muzeylər günü münasibətilə muzey işçilərini təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı.
   "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək əlamətdar günün əhəmiyyətindən söz açdılar. Ölkəmizdə bu sahədə həyata keçirilən layihələrdən danışdılar.
   Sonda akademik Nailə Vəlixanlıya, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyevə və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramovaya İCOM-un diplomları təqdim olundu.
   
   Fariz Hüseynov