Mayın 22-də Xətai Sənət Mərkəzində "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində "Azərbaycanım" adlı respublika uşaq rəsm festivalının müsabiqəsinin yekun sərgisi keçirildi.
Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən müsabiqəyə 15 yaşa qədər 800-ə yaxın uşaq əl işlərini təqdim edib.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq qeyd etdi ki, müsabiqənin məqsədi uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə münasibət, ən əsası, doğma Vətənə məhəbbət hislərini artırmaqdır. Bildirildi ki, uşaqlar əl işlərində əsasən yaşadıqları bölgənin milli mədəni və tarixi abidələrini, yerli mətbəx nümunələrini, bölgəyə xas olan flora və faunanı, qədim əşya və ya bölgə üçün xarakterik olan qədim geyimləri, musiqi alətlərini əks etdiriblər. Həmçinin rəsmlərdə müxtəlif peşə sahiblərinin obrazları, hərbi vətənpərvərlik mövzusu və qəhrəmanlar təsvir edilib.
Sərgidə Qazax rayon məktəbliləri arasında keçirilmiş "Qazaxım mənim" müsabiqəsində seçilmiş 10 ən yaxşı əsər də yer alıb. Ümumilikdə yekun sərgidə 170 uşağın əl işləri nümayiş olunur.
Müsabiqənin şərtlərinə uyğun olaraq sərgidən 30 ən yaxşı işin müəllifi festivala qatılacaq.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov çıxış edərək müsabiqə iştirakçılarını təbrik etdi, onlara daha böyük müsabiqələrin iştirakçısı olmağı arzuladı.
Daha sonra Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi Pənah İmanov və Dövlət Rəssamlıq Akademiyasının əməkdaşı Samir Sadıqov çıxış edərək gənc rəssamları təbrik etdilər.
Çıxışlardan sonra yekun rəsm müsabiqəsinin iştirakçılarına diplomlar verildi.
Savalan Fərəcov