Mayın 21-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2018-ci il üzrə "Cəfər Cabbarlı mükafatı"nın təqdimat mərasimi keçirildi. 
   Ədibin ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Bağırova tədbiri açaraq bildirdi ki, builki təqdimat "C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım" İctimai Birliyinin (İB) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği" layihəsi əsasında keçirilir. Ədəbi mükafat Cümhuriyyətin 100 illiyinə həsr olunub. 
   Qeyd olundu ki, C.Cabbarlının ev-muzeyinin layihəsi əsasında İB-nin iştirakı və "BP Azerbaijan" şirkətinin sponsorluğu ilə 2001-ci ildə təsis olunan mükafat indiyədək ədəbiyyat, teatr və kino, jurnalistika sahələrində çalışan 70-dən artıq insana təqdim edilib. 
   Cabbarlı irsinin tədqiqatçısı, filologiya üzrə elmlər doktoru, professor Asif Rüstəmli bildirdi ki, görkəmli ədib Cümhuriyyət Parlamentində stenoqrafçı vəzifəsində çalışmaqla yanaşı, ədəbi-mədəni mühitdə də fəal iştirak edib. Onun Cümhuriyyətin ildönümünə həsr etdiyi "Türk sağ ikən", "Yaşasın Azərbaycan" şeirləri hələ o dövrdə nəğməyə çevrilərək dillər əzbəri olub. 
   Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. "Ədəbiyyatşünaslıq" nominasiyası üzrə filologiya üzrə elmlər doktoru, professor Qəzənfər Paşayev, "Teatr və kino" nominasiyası üzrə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, "Jurnalistika" nominasiyası üzrə "Ədalət" qəzetinin baş redaktoru, Əməkdar jurnalist İradə Tuncay, "Teatr" nominasiyası üzrə isə Akademik Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev builki mükafatın sahibləri elan olundular.
   Mükafata layiq görülənlər Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərindən söz açdılar. Vurğulandı ki, ədibin yaradıcılığı bütün dövrlərdə aktualdır. Şəfiqə Məmmədova səhnədə dramaturqun "Aydın" əsərində canlandırdığı Gültəkin obrazı ilə bağlı xatirələrini bölüşdü, bu əsərin ekranlaşdırılması arzusunu dilə gətirdi. 
   Tədbir Cabbarlının sözlərinə yazılmış musiqilərdən ibarət konsert proqramı ilə davam etdi. 
   
   L.Azəri