Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik gününə həsr olunmuş rəsm müsabiqəsinin yekun sərgisi 
   
   Mayın 21-də Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə "21 may - Dialoq və inkişaf naminə dünya mədəni müxtəliflik günü" mövzusunda rəsm müsabiqəsinin yekun sərgisi keçirildi. 
   Mərasimdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov müsabiqə haqqında məlumat verdi. Bildirdi ki, tədbir mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin 10-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2017-ci il tarixli sərəncamına əsasən keçirilir. Diqqətə çatdırıldı ki, "Bakı Prosesi" təşəbbüsü 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülüb. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.
   Qeyd olundu ki, müsabiqənin keçirilməsində məqsəd 18-29 yaşlı gənclər arasında Azərbaycandakı mədəni müxtəlifliyin, etnik, dini dözümlülük mühitinin təbliği, çoxmillətli və çoxkonfessiyalı ölkəmizin dünyada sivilizasiyalararası dialoqun məkanı kimi tanınması işinə töhfə verməkdir. Həmçinin Azərbaycanın mədəniyyətlərarası dialoq və əməkdaşlığa, mədəni müxtəlifliyə dəstəyinin təşviqi, istedadlı gənclərin üzə çıxarılması, onların yaradıcılığının dəstəklənməsi, yüksək sənət meyarlarına cavab verən yeni təsviri sənət əsərlərinin yaradılmasının stimullaşdırılması da müsabiqənin əsas hədəflərindəndir.
   Mədəni müxtəliflik günü haqqında danışan Qalib Qasımov vurğuladı ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə təsis olunub və həmin il mayın 21-də ilk dəfə qeyd olunub. Bildirildi ki, mədəni müxtəliflik həyatımızı sivil yollarla zənginləşdirən yeni fikir və perspektivlər təqdim edir, hər bir fərdin və toplumun inkişafına imkan yaradır. Bu əlamətdar gün bəşəriyyətin zəngin mənəvi mirası da daxil olmaqla, mədəni müxtəlifliyin saysız-hesabsız faydasını qeyd etmək, qarşılıqlı anlayış və mədəniyyətlərarası dialoq kimi dəyərlər əsasında qurulmuş daha dinc bir dünya qurmaq öhdəliyinin təkidlə ifadə olunması üçün bir fürsətdir.
   Daha sonra müsabiqənin iştirakçılarına diplomlar təqdim edildi.
   Sonda qonaqlar sərgi ilə yaxından tanış oldular. 
   Qeyd edək ki, "Mədəniyyət" qəzeti müsabiqəyə informasiya dəstəyi verib.
   
   Fariz Hüseynov