Müstəqil Dövlətlər Birliyində "Mədəniyyət ili" çərçivəsində 13-16 may 2018-ci il tarixində Rusiya Federasiyasının Tula şəhərində "Gələcəyə istiqamətlənmiş birlik: mədəniyyət, ənənələr, müasirlik" mövzusunda MDB gənclərinin mədəniyyət forumu keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin məsləhətçisi Vüqar Baxışov, Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru Tural Mustafayev, Dövlət Rəqs Ansamblının konsertmeysteri, Əməkdar artist Vüqar Camalzadə, Azərbaycan Dövlət Rəsm Qalereyasının şöbə müdiri Əminə Manafova, Milli Konservatoriyanın tələbələri, Prezident təqaüdçüləri Nicat Məsimov (balaban) və Nihat Orucov (milli vokal), habelə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşı Vüqar İmaməliyev iştirak edib.
Forumun sessiya iclaslarında MDB-də mədəniyyət ili: tendensiya və perespektivlər, mədəniyyət sahəsində könüllülük, gələcəyin şəhərləri, musiqi, teatr, rəqəmsal mədəniyyət və digər məsələlərlə bağlı müzakirələr aparılıb, görüş və bədii proqramlar təşkil olunub. Ölkələrin nümayəndə heyətlərinin tərkibinə qatılmış gənc istedadlar Tula vilayətinin Venev rayonunda Mədəniyyət mərkəzinin açılışında iştirak edərək milli musiqi, rəqs, vokal sənətindən nümunələr göstəriblər.