Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında 1999-2009-cu illərdə təşkilatın baş direktoru olmuş Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iştirak edib.
   
   
   UNESCO-nun Keçmiş Üzvləri Assosiasiyasının sədri Corc Kutukcen Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı və tədbirin digər iştirakçılarını salamlayıb. 1974-1987-ci illərdə UNESCO-nun baş direktoru olmuş Amadu Mahtar Mbou və 1987-1999-cu illərdə həmin vəzifədə çalışmış Federiko Mayorun təbrik məktubları oxunub.
   UNESCO-nun baş direktoru Odre Azule Koişiro Matsuuranın xidmətlərindən danışıb.
   * * *
   Konfransda çıxış edən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva yubilyara təbriklərini çatdırıb, möhkəm cansağlığı və uğurlar arzu edib. Koişiro Matsuuranın UNESCO-nun baş direktoru vəzifəsində gördüyü işlərin çox yüksək qiymətləndirildiyini deyən Mehriban xanım Əliyeva onun Bakıya səfərlərini, birgə forum və konfranslarıda şəxsən iştirakını qeyd edib: "Mən sizin ilk beynəlxalq "Muğam aləmi" festivalında iştirakınızı xatırlayıram. Sizin iştirakınızla biz Azərbaycan Xalça Muzeyinin və Beynəlxalq Muğam Mərkəzinin təməlini qoymuşuq. Sizinlə bir yerdə Müasir İncəsənət Muzeyinin açılışını etmişik. Bu gün bu mədəniyyət mərkəzləri paytaxtımızın ən çox ziyarət olunan və maraq doğuran yerlərinə çevrilib".
   Vurğulanıb ki, K.Matsuuranın quruma rəhbərliyi dövründə İçərişəhər, Şirvanşahlar sarayı, Qız qalası, habelə Qobustan qayaüstü təsvirləri UNESCO-nun Dünya irs siyahısına, muğam və aşıq sənəti Bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 
   UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Azərbaycanla qurum arasında 1992-ci ildə başlanan əməkdaşlığın tarixindən də söz açıb. Bildirib ki, ölkəmiz UNESCO proqramlarında fəal iştirak edir. 2013-cü ildə Azərbaycan UNESCO ilə əməkdaşlığa dair çərçivə sazişini imzalayıb və donor ölkələrinə üzv olub.
   Qeyd olunub ki, sivilizasiya, mədəniyyət və dinlərin qovuşuğunda yerləşən bir ölkə kimi Azərbaycan mədəniyyətlərarası dialoq, digərlərinə qarşı tolerantlıq və hörmət nöqteyi-nəzərindən beynəlxalq ictimaiyyətə bir çox şeylər təklif edə bilər. Bu xüsusda Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə irəli sürülən, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviq olunmasında həqiqətən də qlobal platformaya çevrilən "Bakı Prosesi"nin önəmi vurğulanıb: "Bu il biz "Bakı Prosesi"nin 10-cu ildönümünü qeyd edirik. UNESCO ilə sıx tərəfdaşlıq edərək, biz "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası dialoq üzrə 4 dünya forumunu müvəffəqiyyətlə keçirdik və bu işi gələcəkdə də davam etdirməyə hazırıq".
   * * *
   Sonra 2009-2017-ci illərdə UNESCO-nun baş direktoru olmuş İrina Bokova Koişiro Matsuuranın rəhbərliyi dövründə UNESCO-nun qəbul etdiyi mühüm sənədləri xatırladıb. 
   UNESCO-nun Baş Konfransının sədri Zohur Alaui və digər çıxış edənlər Koişiro Matsuuranın mədəniyyətlərarası dialoqun və multikulturalizmin inkişafına verdiyi töhfələrdən danışıblar.
   Sonda çıxış edən Koişiro Matsuura UNESCO-ya rəhbərliyi dövründə fəaliyyəti ilə bağlı xatirələrini bölüşüb. O, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya onun haqqında söylədiyi xoş sözlərə görə təşəkkürünü bildirib və onun dəstəyi ilə həyata keçirilən çoxsaylı əhəmiyyətli layihələri qeyd edib. Vurğulayıb ki, Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin bir çox inciləri UNESCO-nun siyahılarına daxil edilib. K.Matsuura bu ilin oktyabrında ölkəmizdə keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə də Azərbaycan hökumətinə təşəkkürünü ifadə edib.