Mayın 18-də Beynəlxalq muzeylər günü münasibətilə Üzeyir Hacıbəylinin ev-muzeyində "Nəğmə dolu ocaqda bir gün" adlı konsert oldu.
   Tədbiri muzeyin şöbə müdiri Gülnarə Ələsgərova açaraq dünyada muzeylərin yaranma tarixi, UNESCO-nun muzeylərlə bağlı qəbul etdiyi qərarlar və onların əhəmiyyətindən söz açdı. Sonra Üzeyir Hacıbəylinin ev-muzeyi barədə ətraflı məlumat verdi. 
   Qeyd olundu ki, Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının ("Leyli və Məcnun"), Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və dövlət himnimizin bəstəkarı olan Üzeyir Hacıbəyli 1915-1942-ci illərdə bu evdə yaşayıb. Dahi bəstəkar bu evdə bir çox əsərlərini, o cümlədən "Koroğlu" operasını bəstələyib.
   Bildirildi ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Bakıda bəstəkarın yaşadığı evdə muzeyi yaradılıb və 20 noyabr 1975-ci ildə muzeyin təntənəli açılışı keçirilib. Muzeyin tərtibatında və hazırlanmasında Xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyük əməyi olub. 
   Çıxışdan sonra bədii hissəyə keçildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri Elşən Abbaszadə, Aydan Quluzadə, Lalə Ağayeva, həmçinin Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Solmaz Rəhimova və başqalarının ifasında Üzeyir bəyin "Arşın mal alan" musiqili komediyasından qızların xoru, "Cəngi", "Fantaziya", Qara Qarayevin piano üçün "Tsarskoe selo heykəli" lövhəsi, habelə "Naxçıvani" aşıq havası və digər musiqi nömrələri səsləndirildi. Tədbirdə həmçinin Binəqədi rayonundan məktəblilərin ifaları da dinlənildi.
   
   Savalan Fərəcov