Rejissor Şamil Əliyevin “Azərbaycanfilm” kinostudiyasında lentə aldığı “Çölçü” filmi oktyabrın 16-20-də Düşənbədə keçiriləcək “Didor” V Beynəlxalq kinofestivalının müsabiqə proqramına daxil edilib. Ekran əsərinin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər. Film şəhər mühitindən uzaqlarda, təbiətin qoynunda yaşayan gəncin həyatından bəhs edir. Atası çöl həyatının bütün incəliklərini ona öyrədir. Onun ölümündən az sonra isə gənc qəsəbədən gəlmiş bir qızla tanış olur. Bu tanışlıq onun həyatını dəyişdirir.